Abdullayevdən Avropa Oyunlarında gümüş medal
Azərbaycan boksçusu Məhəmməd Abdullayev Polşada keçirilən 3-cü Avropa Oyunlarında final döyüşünə çıxıb.
Komanda.az xəbər verir ki, +92 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionatının mükafatçısı yarışın son görüşündə Delişes Ori (Böyük Britaniya) ilə qüvvəsini sınayıb.
Ardıcıl olaraq, Uğur Aydemir (Türkiyə), Nikoloz Beqadze (Gürcüstan), Stilianos Poulias (Yunanıstan) və Nelvi Ram Tiafaka (Almaniya) qalib gələn Abdullayev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (29:28, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və boksçumuz yarışı ikinci yerdə bitirib.
Beləliklə, iyunun 23-də start götürüb və 10 gün davam edən Avropa Oyunlarını Azərbaycan millisi 1 gümüş və 1 bürünc medalla başa vurub. Abdullayevdən öncə Murad Allahverdiyev (80 kq) 3-cü yeri tutub. Hər iki boksçu həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da qazanıb.
Avropa Oyunlarında 42 ölkədən 325 boksçu 13 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.
Bizi Facebook-da izləyin