“Hər gün Şahruddinin adı hallanır” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəkləri oyun haqqında danışıb.
Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı oyundan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:
– Oyun haqqında çox fikir bildirməyəcəm. Yaxşı komandaya qarşı oynayacağıq. Rəqibi daha yaxından tanıdıq. Bilirik ki, sabah çox diqqətli olmalıyıq. Fikrimiz öz oyunumuzda olmalıdır. Futbolçularıma güvənirəm, inanıram. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.
– Futbolçuların psixoloji durumu necədir? Xüsusilə də, Şahruddinin…
– Vacib oyundur. Son vaxtlar psixoloji durumdan çox danışılır. Peşəkarıq. Hər şey qaydasındadır. Bilirik ki, kimlə oynayırıq. Son Avropa oyunumuzdan 6 gün keçib və hər gün də Şahruddinin adı hallanır. Ondan çox yazılır. Məni ən çox narahat edən budur. İstərdim ki, onun adı bu qədər hallanmasın. Bu, həm Şahruddində, həm də bütün komandada gərginlik yaradır. Həmişə azarkeşlərimizə güvənmişəm. Belə oyunlara real yanaşmalıyıq. Rəqiblərin gücü bizə bəllidir. Hamımız bir yerdə bu rəqiblərə qalib gələ bilərik. Belə hallar təsir edir. Ümumən, peşəkarıq. Hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Hamı başa düşür ki, bu cür oyunlarda özlərini necə idarə etməlidirlər. Futbol səhvlər oyunudur, bütün matçlarda olur. Hər bir halda, fikirlərə hörmətlə yanaşıram. Şahruddində və digər futbolçularda hər şey qaydasındadır. Fikrimiz sabahkı oyunu yaxşı nəticə ilə başa vurmaqdır. İnşallah, xeyirlisi olar.
– “Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək oalr?
– Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, özümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.
– Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı var?
– Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olması bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.
– “Qarabağ” 9 ildir avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuz sindrom əlavə psixoloji gərginlik yaratmır?
– Keçmişə qayıtmaq istəmirik. Qarşımızda “Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran “Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.
Mehri Qurban
Bizi Facebook-da izləyin