“8 komandadan ən azı biri karantinə alınsa, çempionat necə davam edəcək?” SORĞU

Ölkənin müəyyən şəhərlərində həftəsonları insanların yaşayır yerini tərk etməsi ilə bağlı qadağaların tətbiq edilməsi Azərbaycan Premyer Liqası ilə bağlı yeni müzakirələrə səbəb oldu. Bəzi turların həftəsonu keçirilməsi, məşqlərin qadağa günlərinə düşməsinin komandaların vəziyyətini çətinləşdirəcəyini düşünənlər var. Artıq çempionatın və ölkə kubokunun davam etdirilmədən, vaxtından əvvəl başa çatdırılması müzakirə edilir. Onu da qeyd etmək lazımdır ki, ölkədə digər bütün liqalar koronavirus səbəbiylə vaxtından əvvəl dayandırılıb və ya mövsüm ləğv edilib.

Bəs idman mətbuatı mövcud vəziyyətlə bağlı nə düşünür? İndiki halda, çempionatın davam etdirilməsi, yoxsa vaxtından əvvəl yekunlaşdırılması daha uyğundur? Həftəsonları tətbiq edilən qadağalar Premyer Liqanın taleyinə necə təsir edəcək?

Bu suallarla idman yazarlarına müraciət etdik:

Saleh Arslan (“Korner.az”):

“Çempionat davam etdirilməlidir. Onsuz da oyunlarda azarkeş olmurdu. Premyer Liqa üçün dəyişən heç nə yoxdur, mənzərə eyni olacaq. Koronavirusdan əvvəl stadionlara gələn 3-5 nəfər var idi, onlara görə təəssüflənmək olar, vəssalam”.

Ceyhun Əliyev (“Sport24.az”):

“Vəziyyət “vakuum” halını aldıqdan sonra mövqeyim birmənalı olub – mövsüm yarımçıq dayandırılmalıdır! Səbəb heç də son iki həftədə yaranmış “2 günlük karantin”  deyil. Üç ay futbolsuz qalan klublar 2-3 həftəyə necə hazır ola bilər? Ələlxüsus da söhbət Azərbaycanda çıxış edən, funksional hazırlığı aşağı olan futbolçulardan gedirsə. Zədə epidemiyasından qurtulmaq qeyri-mümkün olacaq. Digər tərəfdən, əksər futbolçuların müqavilələrinin müddəti bitib. Klubların da büdcələri 10 aylıq hesablanır. Nəhayət, çempionatın davam etməməsi üçün ən vacib dəlil haqda. Boş tribunalar önündə keçməsi planlaşdırılan görüslərdə 150-dək insanın toplaşacağı qaçılmazdır. Söhbət matçın təşkilinə cavabdeh şəxslər, əsas heyət üzvləri, ehtiyat oyunçular, məşqçilər heyəti, həkim və inzibati heyətdən gedir. Belədə, yoluxma versiyasını istisna etmək olmaz. Hətta deyərdim ki, bu şans yetərincə realdır. “Ok”, kimdəsə koronavirus aşkarlansa, həmin klubun aqibəti necə olacaq? Karantinə alınacaq? 8 komandadan ən azı biri karantinə alınsa, çempionat necə davam edəcək? Belə riskə getməyə dəyirmi? Məgər insan sağlamlığından vacib nəsə ola bilərmi? Zənnimcə, tərəzinin gözünə qoyduqda, mövsümün yarımçıq dayandırılması istənilən digər təklifdən qat-qat ağır gəlir”.

Kənan Məstəliyev (“Rekord.az”):

“Bu fikri kim birinci səsləndiribsə, ya dünyagörüşü yerində deyil, gedən prosesləri izləmir, ya da ölkə futboluna düşməndir. Nə ləğv? Niyə? Sağlamlıq, məşq, təqvim və sairəyə görə? Absurddur, absurd. Avropada onsuz da çox böyük hörmətimiz yoxdur, indi də imicimizə futbolla, daha dəqiq desək, futbolsuzluqla zərbə vurmaq istəyirlər? 8 turu keçirə bilməyən ölkə gələn il Avropa çempionatının 4 oyununu necə keçirəcək? Bu nə hazırlıqsızlıq, bu nə bacarıqsızlıqdır? Dövlət Operativ Qərargah vasitəsilə futbola etimad göstərib, indi bu etimadı belə asan itirməyin cavabını kim verəcək? Çempionatı bitirməyin 50 cür variantını fikirləşmək olar: Operativ Qərargahdan Bakıdakı klublara öz bazalarında məşq etmək icazəsinin xahişi, bütün klubların Qəbələyə gedərək orda məskunlaşması və oyunları keçirməsi, həmçinin bir yox, bir neçə region şəhərindəki stadionlarda – Tovuz, Zaqatala, Mingəçevir, Şamaxı, Qusar, Bərdə və başqalarında matçların keçirilməsi… Əsas istəkdir, o olandan sonra çempionat da keçirilər, kubok da”.

Mahir Rüstəmli (“Futbol+”):

“Mən bütün hallarda mübarizənin davam etməsinin, mükafatçıların və kubokun sahibinin otaqlarda yox, yaşıl meydanda müəyyənləşməsinin tərəfdarıyam. Bunun üçün lazım gəlsə, sərt karantin rejimi olmayan rayonlardan birinə, məsələn, elə Qəbələyə də sığınmaq mümkündür.

Önəmli məqam odur ki, AFFA və PFL rəhbərliyinin ölkədaxili yarışların taleyi ilə bağlı manevr etmək üçün vaxtı hələ də çoxdur. Belə görünür ki, Avropada cari futbol mövsümü ən azı avqustun ortalarına qədər davam edəcək. Bu üzdən çempionatın indiki nəticələrini yekun nəticə kimi qəbul etməyin qəti əleyhinəyəm. Belə qərarı həmişə vermək olar, amma bərpa yönündə azacıq da şans varsa, ondan yapışmaq lazımdır.

Mənə elə gəlir ki, ardıcıl 2-ci həftə tətbiq olunacaq, həm də iyulun sonuna qədər davam etməsi gözlənilən həftəsonu karantinləri yarışların dayandırılmasını istəyən adamların əlini qüvvətləndirdi, belələrinə tutarqa verdi. Diqqəti çəkən başqa bir məqam odur ki, klublar müqavilə müddəti mayın və iyunun sonunda bitən futbolçuların naz-qəmzəsinə dözməyə məcburdur və bu da əlavə gərginlik mənbəyidir. Çox təəssüf ki, FİFA və UEFA bu məsələdə ortaya vahid yanaşma, mövqe qoymadı, belə futbolçuları nəyəsə məcbur etməyi düşünmədi.

Azərbaycan klublarının həftəsonu karantinləri üzündən lazımi hazırlıq planı qura bilməməklə bağlı narahatlığını anlasam və bölüşsəm də, yenə də belə hesab edirəm ki, ölkədaxili yarışları başa çatdırmaq mümkündür. Sadəcə, bunun üçün ortaya hamılıqla iradə qoymaq, çətinliklərdən qorxmamaq lazımdır”.

Vüsal Mahmudov (“Futbolinfo.az”):

“Bu sualın cavabını qonşu ölkələrə baxmaqla vermək olar. Ermənilər başlayıb, Gürcüstan, Türkiyə və Rusiya da tezliklə başlayacaq. Premyer Liqa mütləq davam etdirilməlidir. AÇ-2020-nin final mərhələsinə ev sahibliyi edən ölkə üçün bu, vacibdir. Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov, Ramin Musayev dövlət rəhbərliyini futboldan iyrəndiribsə, buna görə futboldan yox, həmin bacarıqdız məmurlardan imtina etmək lazımdır”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button