Hər yoldan keçən yarış keçirir, özünə təşkilat açır – Müsahibə

Azərbaycanın Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti, sabiq dünya çempionu Azad Əsgərovun Komanda.az saytına müsahibəsi:

– Sizin qaydasız döyüş növüylə məşğul olmağa başladığınız dövrdə  Azərbaycanda bu günlə müqayisədə, bu sahəyə elə də böyük maraq yox idi. Sizdə bu sahəyə maraq necə yarandı?

– Mən uşaqlıqdan güləş idman növü ilə məşğul olmuşam. Güləş üzrə SSRİ çempionatlarının və bir sıra yarışların qalibi olmuşam. Amma bununla yanaşı, həmişə digər döyüş növlərinə həvəsim olub. 1998-ci ildə artıq özümü bu idman növündə sınamaq qərarına gəldim. Məhz buna görə də, Rusiyada yaşamağa getdim, çünki  o dövrlərdə Rusiyada qaydasız döyüş daha çox inkişafda idi.

– İlk qələbənizi necə xatırlayırsız?

– İlk döyüşümdə 1 dəqiqə 30 saniyə ərzində güləş fəndiylə rəqibim üzərində qələbə qazanmışam.

– Döyüşlərdə dəfələrlə qələbə qazanmısız. Heç ehtiyat etdiyiniz döyüşçü olubmu?

 Bəli, olub. Əslində, hər döyüşdə rəqibindən ehtiyat etmək lazımdır.

– Azərbaycanda qaydasız döyüşlə bağlı təşkil edilən yarışlar dünya standartlarına cavab verir?

– UFC ilə müqayisə ediriksə, xeyr. Hazırda Azərbaycanda təşkil olunan yarışlar ümumi standartlara uyğun keçirilir.

– Təşkil olunan yarışlar necə maliyyələşir?

– Yol, qidalanma və qalmaq xərclərini, adətən, idmançı özü qarşılamalı olur. Bəzi hallarda bu xərclər federasiya tərəfindən ödənilir, amma çox vaxt bunun üçün pul olmur. Təbii ki, bütün bunları idmançı ilə əvvəlcədən razılaşdırırıq.

– Azərbaycanın nə vaxtsa UFC-də təmsil olunma şansı varmı? Bizim idmançılarda o potensialı görürsüzmü?

– UFC-yə çempion hazırlamaq olar. Əlbəttə, bizdə də güclü, potensiallı idmançılar var. Amma oranın da öz şərtləri var. O yarışda iştirak etmək üçün yaxşı menecer lazımdır və ikinci məsələ odur ki, Amerikada müəyyən müddət yaşamaq lazımdır. Orda qabaqcadan bəzi yarışlarda özünü göstərmək lazımdır ki, sənə inansınlar, tanısınlar. Bunları da etmək üçün maliyyə dəstəyi lazımdır. Onu da deyim ki, əvvəllər böyük yarışlara düşmək daha rahat idi. Bütün idmançıların hamısı eyni yerdə keçirilən 1-ci turnirdə iştirak edirdi, hamı turnirin keçiriləcəyi yeri bilirdi, hamı məlumatlı idi, bütün iştirakçılar özünü orda sınayırdı. O vaxtlar maraq da başqa idi. İndi bilən də, bilməyən də yarışlara təşkilatçılıq edir, 5 adam yığır, yarış keçirir. Hamı çempiondur, hamı döyüşür. Hamı bir yarışda olsa, güclülərin içindən ən güclüsünü seçmək olar, əsl çempion məlum olar. Yoxsa indiki kimi, hər yoldan ötən bir döyüş keçirir, sonra deyir çempionam, sosial şəbəkələrdə başlayır özünü reklam etməyə. Bizim vaxtımızda çempion olmaq üçün günə üç döyüş keçirirdik. Birinci raund 15 dəqiqə olurdu, sonra 2-ci, 3-cü raund 5, ya da 3 dəqiqə.

– Bu idman növünün Azərbaycanda inkişafına mane olan səbəblər varmı?

– Mane olan odur ki, hər yoldan keçən, idmandan xəbəri olmayan, təcrübəsizlər yarış keçirir, özünə təşkilat açır, ətrafındakılar arasında turnir keçirir, onlar da olurlar yeni çempionlar. Bundan sonra da irəli getmirlər. Bura kimi onları qane edir. İnkişaf olmur, əsl güclünü də əldə etmək olmur.

– Gənclərdə və uşaqlarda qaydasız döyüşə marağın artması müşahidə olunurmu? Əvvəlki illərlə müqayisədə fərq varmı?

– Qaydasız döyüşə maraq həmişə olub, indi də var. Sadəcə, bizdə bu idmana dəstək çox azdır.

– Bu idman növünü təhlükəli hesab etmək nə dərəcədə doğru olardı?

– Ümumiyyətlə, bütün idman növlərində yaralanmalar, xoşagəlməz hadisələr baş verir. Bu idman növünün adı insanlarda qorxu yaradır. Əslində, heç də təhlükəli deyil. Boks idman növü ilə müqayisə etsək, görərik ki, boks daha təhlükəlidir. Çünki bütün raundlarda yalnız başa zərbələr endirilir. MMA-da isə idmançı təpik, yumruq, güləş və təslimedici fəndlərdən istifadə edir. Bəzən olur ki, heç bir zədə almadan təslimedici fəndlə qələbə qazanmaq mümkün olur. Bu idman növünün də özünəməxsus qaydaları var.

– Bu yaxınlarda növbəti yarış gözlənilirmi?

– Fevralın 9-da Hövsan Olimpiya Kompleksində Açıq Bakı Çempionatı keçiriləcək.

– Federasiya olaraq hansı problemləriniz var və bunun həlli yollarını nədə görürsüz?

– Maddi problemlərimiz var.  Maliyyə olarsa, idmançılarımız dünyanın hər yerində öz sözünü deyə bilər.

– Azərbaycanda ən güclü idmançı kimi hesab edirsiz?

– Dünyada elə adam yoxdur mənim üçün. Hərənin güclü olduğu öz zamanı olub.

Fidan Farukh

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button