FIDE-nin saytı Abasovdan yazdı
Beynəlxalq Şahmat Federasiyası (FIDE) Azərbaycan şahmatçısı Nicat Abasovla bağlı yazı dərc edib.
Komanda.az xəbər verir ki, yazıda 2023-cü ilin şahmat rekordlarına imza atan idmançıların fəaliyyətindən bəhs olunub.
Bildirilib ki, reytinq cədvəlində 206 oyunçu arasında 69-cu yeri tutan Nicat Abasovun uğurlarına Makoto Rodvell (Zimbabve), Laurent Fressinet (Fransa), Qiri Aniş (Niderland), Pyotr Svidler (Rusiya), Salem Saleh (Birləşmiş Ərəb Əmirlikləri) və Vidit Santoş Qujrati (Hindistan) üzərində əldə etdiyi qələbələr daxildir.
Yarımfinalda 29 yaşlı şahmatçının Dünya Kubokunun qalibi norveçli Maqnus Karlsenə uduzması və üçüncü yer uğrunda görüşdə ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşdığı vurğulanıb. Qeyd edilib ki, Karuanaya birinci partiyada qalib gələn Abbasov ikinci hissədə uduzaraq turniri dördüncü yerdə başa vurub.
Lakin Maqnus Karlsenin İddiaçılar Turnirində iştirakdan imtina etməsi Abasova möhtəşəm performansı ilə bu yarışa vəsiqə qazanmağa imkan verib.
Yazıda həmçinin qadınlar arasında rapid üzrə dünya çempionatının qızıl mükafatçısı rusiyalı Anastasiya Bodnaruk və qadınlar arasında Dünya kubokunun ikincisi bolqarıstanlı Nurgül Səlimovanın qazandığı nailiyyətlərdən bəhs olunub.
İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək.
Bizi Facebook-da izləyin