“Şövkət Orduxanovla Toğrul Hacıyev Azərbaycan futbolu üçün çox böyük işlər görüb” – Açıqlama
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Regional Futbol Federasiyaları İctimai Birliyinin sabiq vitse-prezidenti, əməkdar məşqçi, əməkdar idman xadimi, mərhum Toğrul Hacıyevin 80 illik yubileyidir.
Veteran futbolçu Asəf Namazov bu haqda Komanda.az saytına açıqlama verib:
“Bu gün Toğrul Əsgər oğlu Hacıyevin 80 illiyi təntənəli şəkildə qeyd olunmalı idi. Təəssüf ki, o, aramızda yoxdur.
Mən futbola Toğrul bəyin yanında başlamışam. 1964-cü ildən 1970-ci ilə kimi. Həmin illərdə “Dinamo” komandası 17 yaşlılar arasında SSRİ çempionatında çıxış edirdi. Biz bu turnirdə 6-cı yerə çıxmışdıq.
Bizimlə eyni komandada mənim yaxın dostum olan Arif Orucov da çıxış edirdi. 1971-ci ildə Toğrul bəyin başçılığı altında “Ümid” komandası SSRİ-də qızıl medal qazandı. O vaxtlar komanda saxlamaq çox çətin idi. Həmin heyətdəki futbolçuları imkansızlıqdan ikinci evində qonaq etmişdi. Həmin futbolçuların, xüsusilə də, Arif Orucovun üzərində Toğrul bəyin böyük zəhməti olmuşdu.
Azərbaycanda az məşqçi var ki, həm məşqçiliyi bacarsın, həm də təşkilatçılığı. Təşkilatçı kimi mən rəhmətlik Şövkət Orduxanovla Toğrul Hacıyevi qeyd edərdim. Bu iki nəfər Azərbaycan futbolu üçün çox böyük işlər görüb.
Mənim formalaşıb “Neftçi”də 12 il oynamağımda və SSRİ-nin olimpiya komandasında çıxış etməyimdə Toğrul bəyin çox böyük zəhməti olub. Çox təəssüf ki, aramızda onu tanıyanların sayı az qalıb. Amma mən istərdim ki, onu yad etməyə Sevbekov, Firidun Əliyev, Cavanşir Bünyədzadə kimi dəyərli insanlar da qoşulardılar. Rəhmətlik Tofiq Fətullayev, Ədalət Cəfərov – bunlar hamısı keçmiş “Dinamo”nun futbolçuları olub. Onlar da sağ olsaydılar, Toğrul Hacıyevi yad etməyimizə qoşulardılar. Allah hamısına rəhmət eləsin!”
Akif Əhmədov
Bizi Facebook-da izləyin