“Viktoriya” Bakıda layiqli heç-heçə etdi” – keçmiş futbolçu
Çexiyalı futbol məşqçisi Miroslav Jirkal Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la Plzen “Viktoriya”sı arasında Bakıda keçirilən ilk oyun barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, keçmiş qapıçı Çexiya klubunun heç-heçəyə layiq olduğunu bildirib:
“Viktoriya” Bakıda “Qarabağ”la layiqli heç-heçə etdi”.
Çexiyalı mütəxəssis həmyerlilərinin 0:0 hesabı ilə başa çatan görüşdəki performansını yüksək qiymətləndirib:
“Statistikaya görə, “Qarabağ” aşkar üstün oynadı. Amma əslində belə deyildi. “Viktoriya” taktiki baxımdan əla oyun göstərdi, rəqibə boşluq vermədi. Əksinə, birinci hissədə qol vurmalı olduqları üç perspektivli hücum qurdular. “Qarabağ”ın iki oyununa baxmışdım, onlarda Kadi Borges tam fərqli görünürdü. O, sol ayağı ilə ötərmələr verərək, komanda yoldaşlarını tapmağı bacarır. Lakin Lukaş Kalvax onu elə “bağladı” ki, “Viktoriya” ilə görüşdə bir dəfə də olsun son ötürmə verə bilmədi”.
Sabiq qapıçı “Qarabağ”la matçda bir neçə qurtarışa imza atan “Viktoriya”nın qapıçısı Yindrjix Staneki də tərifləyib:
“Stanek gülləkeçirməz olduğunu və Çexiya millisi üçün böyüdüyünü “Qarabağ” önündə bir daha sübut etdi. Onun performans limiti həqiqətən yüksəkdir. Meydanda komanda yoldaşlarına rahatlıq verir. Stanek özünəinam qazanıb, yüksək topları qaçırmır, küncləri bağlayır və komandanı arxasınca aparmaq qabiliyyətinə malikdir”.
Jirkal komandalar arasındakı cavab oyunu barədə ümidli danışıb:
“Düşünürəm ki, cavab oyununda daha çətin olacaq. Hər iki komanda hər şeyini ortaya qoyacaq. Amma unutmayaq ki, “Viktoriya” Plzendə çıxış edəcək. Bütün ölkə komandanın arxasında duracaq. Bunun da mütləq təsiri olacaq. “Viktoriya” mütləq qol şansı yaradacaq. Bir qol hər şeyi həll edə bilər”.
Avqustun 23-də Plzendəki “Duşan Arena”da keçiriləcək “Viktoriya” – “Qarabağ” oyunu saat 23:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin