“AFFA rəhbərliyi toplu şəkildə istefaya getməlidir” – SORĞU
Ötən gün Şimali Makedoniya millisinin İtaliyaya qalib gələrək, DÇ-2022-nin pley-offunun finalına vəsiqə qazanması Avropa, eyni zamanda Azərbaycan mətbuatının da gündəmindədir. Bəs nəyə görə Azərbaycan millisi Şimali Makedoniyanın bu uğurunun yanından belə, keçə bilmir?
“Azərbaycan millisinin Şimali Makedoniya olması üçün nə lazımdır” sualını idman yazarlarına ünvanladıq:
Mirağa Mirzəyev (fanat.az)
“Sözsüz ki, Şimali Makedoniyanın İtaliya üzərində qələbəsi böyük uğurdur. Baxmayaraq ki, cütün taleyi bir oyunla, həm də əlavə olunmuş dəqiqələrdə vurulan bir qolla həll olundu. İnsafən, İtaliya aşkar üstün idi. Bununla belə, komanda DÇ-nin bir addımlığındadırsa, onun uğuruna kölgə salmaq olmaz. Portuqaliyanı da keçə bilsələr, bu, artıq əsl sensasiya olacaq.
Maraqlıdır ki, Şimali Makedoniyanın yüksəlişi ölkənin ad dəyişikliyindən sonraya təsadüf edir. Millətlər Liqasındakı nəticələri, daha sonra tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə adlaması, indi isə dünya çempionatına gedən yolda inamla irəliləməsi bu uğurların təsadüfi olmadığını deməyə əsas verir. Futbol təsərrüfatı düzgün idarə olunanda, milli komandaya baş məşqçi seçimi özünü doğruldanda uğurlu nəticə də məntiqəuyğun olur. Səhv etmirəmsə, Şimali Makedoniyanın bundan əvvəlki məşqçisi İqor Angelovskiyə 6 il şans verilmişdi. O da komandanı AÇ-nin finalına çıxardı. Daha sonra onu Blaqoja Milevski ilə əvəzlədilər. Həmin Milevskiylə ki, ölkənin U-21-də uzun illər çalışıb, uğurlu nəticələr qazanıb. Makedoniya Futbol Federasiyası 2021-ci il avqustundan onu əsas milli komandaya təhkim edib. Demək olar, U-21-də birgə çalışdığı, tanıdığı, uğur qazandığı futbolçularla indi DÇ-yə doğru inamla irəliləyir.
Azərbaycan millisinin Şimali Makedoniya olması üçün sistemli iş olmalıdır. AFFA bəlkə də, tarixində ilk dəfə düzgün iş görüb Qurban Qurbanovu milliyə baş məşqçi təyin etmişdi, onda da Millətlər Liqasından sonra şans vermədilər. Halbuki, milli cəmi bir oyunda uduzmuşdu. Əvəzində Canni De Byazi uğursuz olduğu halda, onunla müqavilə uzadıldı. Yəni kimə şans vermək lazımdısa, bunu etməyiblər, kim uğursuz olubsa, onunla əməkdaşlığı davam etdiriblər. Bədbəxtçilik budur! Yoxsa Şimali Makedoniya nə klub futbolunda, nə də digər özəlliklərinə görə bizdən üstündür. Makedoniyalıların bəxti onda gətirib ki, futbol təsərrüfatına futbol adamları rəhbərlik edir”.
Kənan Məstəliyev (rekord.az)
“Ciddi kadr islahatı həyata keçirilməli, AFFA rəhbərliyi toplu şəkildə istefaya getməlidir. Futbola puldan yox, futboldan başı çıxanlar, onun inkişafını istəyənlər gəlməlidilər. Hazırkı idarəçilər 15 ildir fəaliyyətdədilər və bu müddətdə Azərbaycan futbolunu ölkə idmanının üz qarasına çeviriblər. Bu, boş sözlər yox, real faktdır. FİFA-nın reytinq sıralamasına baxmaq yetərlidir. Ərazisində az qala ot meydança olmayan ölkələr bizdən qabaqdadır. Çempionatımız məhv olub, aşağı divizion kukla vəziyyətindədir, milli komandanın üzvlərinin 80 faizi ölkədə yox, ondan kənarda yetişib, legionerlərdən özümüzünkülərə yer qalmayıb. Utanıb-ölüb, yerə giriləsi vəziyyətdəyik”.
Ceyhun Əliyev (sport24.az)
“Mental dəyişiklik. Düşüncə və həyat tərzimiz fərqli olmalıdır. Məmləkətimiz hansı sahədə uğurludur? Təhsildəmi? Hüquqdamı? Tibdəmi? Məhz mental dəyişiklik gərəkdir! “Quru əppəyim olsun, bəsimdir” prinsipi də əbədi yol yoldaşımızdır. Futbolçunun ölkəmizdə aldığı məvacibə diqqət yetirin. Digər peşə sahibləri ilə inanılmaz fərq var. İndi mən sual verirəm, orta statistik azərbaycanlı futbolçu hansı xidmətlərinə görə alın təri ilə ali təhsil haqda diplom əldə etmiş və rüşvət almadan vicdanla müəllim adını daşıyan bir vətəndaşımızdan 10 dəfə artıq məvacib almalıdır? Həftədə bir dəfə 90 dəqiqə ərzində şıllaq atacaq, Allah eləməmiş, milliyə dəvət aldıqdan sonra (oynamaq yox ha, hələ dəvət almaq!) isə klub prezidentinə “maaşımı qaldırmalısan” deyənlərlə biz Şimali Makedoniya olmaq istəyirik? Legioner limiti olduğu halda biz xaricə futbolçu göndərə bilməyəcəyik. Çünki əcnəbi klublar “kitayski” futbolçulara layiq olduqlarından artığını təklif etməyəcək. Üstəlik, məvacib verdikdə də işinə peşəkar yanaşma tələb edirlər. Yəni, “məşqi yola verim, qaçım qəlyanımı tüstülədim” yanaşması mümkün olmayacaq. Limitlə isə bax, bu, özünə futbolçu deyənlərə məcbur tələbat yaranır. Demirəm ki, limit ləğv olan kimi biz mundialın astanasında dayanacağıq, amma bu, öz müsbət faydasını verəcək”.
Mehri Qurban
Bizi Facebook-da izləyin