“Qarabağ” hələ də başa düşmür ki…
Vüsal “Aydın” Qəmbərov
Dünən oyundan sonra ortalama “Qarabağ” azarkeşi bir tərəfdən hakimi söyürdü, digər tərəfdən də bəxtsizliyimizdən giley-güzar edirdi. Ayrı-ayrı futbolçularda səhv axtaranların söhbətləri çiydi. Onu qoyaq kənara.
Bəs gerçəklikdə nə baş verdi? “Qarabağ” niyə uduzdu?
Bəli, onların verilən, bizim verilməyən penaltilərimiz, Ruanın açıq-aşkar bağışlanması… Və irili-xırdalı bir xeyli səhv etdi Lambrexts. Amma bunlar futbol tarixində gördüklərimizlə müqayisədə heç nə idi. Rəqibin və hakimin əxlaq normalarını heçə saydığı oyunlarda üstün olan çox komanda olub. Və hər şeyə rəğmən, “Qarabağ” üstün olmalıydı və ola bilərdi.
“Qarabağ” oyunu ilk 15 dəqiqədə uduzdu. Meydana elə bil “Qarabağ” yox, “Şamaxı”, ya da avtobussuz “Turan Tovuz” çıxmışdı. Penalti epizodunda nə etməyə çalışırdılar müdafiəçilər? Ruanın qolu kimi bir biabırçılığa “Qarabağ” ən son nə vaxt icazə verib, heç yadımda deyil. Elə bil Messi 7:0 bitəcəyi əvvəlcədən məlum olan “Valyadolid”lə oyunda müdafiəçilərə dərs keçirdi.
Beş il əvvəl “Roma” ilə Bakıdakı oyunun ssenarisi təkrarlandı. İlk 15-20 dəqiqədəki şokla buraxdığımız iki qolun əvəzini sonrakı 70 dəqiqədəki hökmran oyunla çıxa bilmədik. Bir az hakim, bir az qapıçı, bir az oyunçularımızın bacarıqsızlığı, bir az da bəxt. Amma tam qanunauyğun. Sən Bundesliqanın liderinə durduğun yerdə iki qol hədiyə edirsənsə, o oyunu qayıdıb udmağın möcüzə olar. “Frayburq” “Bayern” və ya “Borussiya” (Dortmund) olmasa da, nəticədə 150 milyonluq heyətə və yükəsələn trendə sahib bir komandadır.
9 ildir ardılcıl əsas mərhələdə olan “Qarabağ” isə hələ də başa düşmür ki, onun adının qarşısında dayanan Azərbaycan ifadəsi nisbi anlam daşıyır. Klub Azərbaycanı təmsil edir, amma Azərbaycan futbolunu yox. “Qarabağ” bu gün Avropada iki əlin barmağını keçməyəcək qədər klubdan başqa, hamıya “diş”ini göstərə bilər və bəxtsizliyin maneəsi olmasa, xal və xallar alar. İstər bu, Bundesliqanın lideri olsun, istər heyətinin dəyəri 9 rəqəmlə ifadə olunan hansısa klub. Dərd orasıdır ki, “Qarabağ” özü işini bilsə də, yolunu düz tutsa da, hələ buna inanmır. Adını çəkmək istəmədiyim bəzi yerli futbolçularla Bazeldə söhbətləşməmizdə buna bir daha əmin olmuşdum.
Dünən Bundesliqanın liderinə öz meydanında əcəl tərləri axıtmağımızdan əlavə, məmnun olduğum məsələ hücumdakı oyun oldu. Sistematik və rəngarəng hücum edib, “Frayburq” kimi möhkəm bir komandanan qapısı qarşısında dəfələrlə qol epizodu yarada bildik. Ramilin işgüzarlığı, Ovusunun dinamikası, Kadinin sürətli düşüncəsi və Zubirin texnikası ahəng formalaşdırır. İnanıram və ümid edirəm ki, bu 4-lü yavaş-yavaş daha effektiv olacaq.
Oyundan əvvəl dediyim o idi ki, bizə ancaq öz səhvimizdən və standartdan qol vura bilərlər. Künc zərbəsindən sonra qazanılan penalti və Ruanın qolunda rəqibi kənara sıxışdırıb ortaya yolunu bağlamaq yerinə, tam tərsinə reyd etməyinə şərait yaradan Toralın kobud səhvi və onu sığortalamaq üçün lazımi həmləni etməyən Zubirin “dişsizliy”i ilə iki qol buraxdıq. Və bu, bir çox oyunda eyni qaydada davam edəcək. “Qarabağ” çox etibarlı və səliqəli futbol oynayır. Və belə baxanda, oyunlarda uğurunun önündəki əngəl də yenə özü ola bilər… Qorxuları və həyəcanı ilə…
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin