266 gündən sonra doğma arenada
Azərbaycan Premyer Liqasının 15-ci turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq.
Komanda.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, “qartallar” 2018/19 mövsümündə ilk dəfə ev oyununu doğma arenada keçirəcək.
Belə ki, fevralın 2-dəki görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Arenada aparılan təmirlə əlaqədar olaraq “Zirə” mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olubsa, 8-ci km stadionu və “AZAL Arena”nın hərəsində bir Premyer Liqa matçına ev sahibliyi edib.
“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. “Qartallar” 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə İdman Kompleksinin stadionuna çıxacaq “Zirə”nin bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.
“Sabah”la görüş “Zirə”nin doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək Premyer Liqada 46, Azərbaycan kubokunda 4, 1-ci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.
Bizi Facebook-da izləyin