10 ildən sonra ilk qızıl medal

Avqustun 23-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən dünya çempionatının ilk günündə cüdoçularımız yüksək performans nümayiş etdirərək komandanın aktivinə 1 qızıl, 1 gümüş və 1 bürünc medal yazdırıblar.

Komanda.az xəbər verir ki, Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası son onillikdə dünya çempionatında ilk dəfə qızıl medal əldə edib (yalnız 2013-cü ildə Natiq Qurbanlı yeniyetmələr arasında dünya çempionu titulunu qazanıb).

Oğlanlar arasında -50 kq çəki dərəcəsində cüdoçularımız Məhəmməd Məmişov və Nihad Məmişov bütün rəqiblərini geridə qoyaraq, finalda üz-üzə gəliblər. Görüşün nəticəsində Nihad Məmişov qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nihad ardıcıl olaraq ilk görüşündə Fransa, 1/8 finalda Macarıstan, 1/4 finalda Monqolustan, yarımfinal görüşündə isə Qazaxıstan təmsilçisini məğlub edib. Məhəmməd isə ardıcıl olaraq ilk görüşündə bosniyalı, 1/8 finalda ermənistanlı, 1/4 finalda braziliyalı, yarımfinal görüşündə isə gürcüstanlı idmançıya qalib gəlib.

-55 kq çəki dərəcəsində yarışan cüdoçumuz Mirxaliq İskəndərov üçüncü yer uğrunda fransalı cüdoçu Adrian Mivovana qalib gələrək çempionatın bürünc medalına sahib olub.

İdmançılar 23-26 avqust tarixlərində çempionatın fərdi yarışlarında, 27 avqustda isə komanda yarışlarında iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button