“Toplanışdan razı qala bilmərəm” – Aftandil Hacıyev

Bolqarıstanda təlim-məşq toplanışında olan “Səbail” klubu sonuncu yoxlama oyununda Şimali Makedoniyanın “Makedoniya GP” klubuna minimal hesabla məğlub olub.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev klubun saytına 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bildirib:

“Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı dördüncü oyunumuzda rəqibimiz Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər. Rəqib, futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu.

Ümumiyyətlə, bugünkü oyunu iki hissəyə bölsək, ikinci hissəni aktivimizə yazmaq olar. İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasındakı nəticə olacaq. Ümumi götürdükdə, toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq”.

“Səbail” toplanış çərçivəsində ilk iki yoxlama oyununu Bolqarıstan klublarına qarşı keçirmişdi. “Lokomotiv” (Plovdiv) komandasına 0:1 hesabı ilə məğlub olan bakılılar “Beroe” ilə görüşdə darmadağınla üzləşmişdi – 0:4. Rumıniyanın “Klinçeni” klubu ilə görüş isə heç-heçə yekunlaşmışdı – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button