“Bayer” hücumçusunu İtaliya klubuna satdı

Futbol üzrə Finlandiya milli komandasının hücumçusu Yoel Pohyanpalo Almaniyanın “Bayer” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra İtaliyanın “Venetsiya” klubunun formasını geyinəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Bayer” hücumçusunu İtaliya klubuna 2.5 milyon avroya satıb. Finlandiyadan olan futbolçu yeni klubu ilə 3+2 illik müqaviləyə imza atıb.

Yoel Pohyanpalo 2013-cü ildən “Bayer”də idi. Lakin o, Bundesliqa təmsilçisində cəmi 26 oyuna çıxıb və 8 qol vurub. Bu üzdən də futbolçu “Aalen”, “Fortuna” (Düsseldorf), “Hamburq”, “Union Berlin”, “Rizəspor” kimi klublarda icarədə çıxış edib. O, geridə qalan mövsümdə oynadığı Türkiyə klubunda 33 oyuna 16 qol vurub.

Pohyanpalo daha öncə öz ölkəsində “Klubi-04” və HJK klublarının da formasını geyinib. O, Finlandiya yığmasında keçirdiyi 56 oyunda da 13 qol vurub.

“Bayer” yarımmüdafiəçisi Yulian Baumqartlingerlə də yollarını ayırıb. Avstriyadan olan 34 yaşlı futbolçu azad agen kimi “Auqsburq”a keçib. Təcrübəli oyunçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Yulian Baumqartlinger 2016-cı ildən “Bayer”in şərəfini qoruyurdu. O, bu komandanın heyətində meydana çıxdığı 152 oyunda 6 qol vurub. Yarımmüdafiəçi daha öncə “1860 Münhen”, “Austriya” (Vyana) və “Maynts”da da forma geyinib. Baumqartlinger Avstriya yığmasında da 84 oyun keçirib, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button