“Əsas düşüncəmiz Konfrans Liqasında pley-offa adlamaqdır”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının 1-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Üç xal qazandığımız üçün çox sevinirəm. Bizim üçün bir az çətin dövrdür. Bu gün daha çox ikinci heyət üzvlərinə üstünlük verdim. Onlar da təcrübə qazanmalıdırlar. Əsas düşüncəmiz Avropa Konfrans Liqasında pley-offa adlamaqdır.
Meydança süni örtüklü olduğundan futbolçulara görə narahatlıq var idi. Qorxurdum ki, zədələnərlər. Nə qədər üzücü olsa da, qapıçımızı itirdik. Ümidvaram ki, Aqil Məmmədov tezliklə komandaya qoşulacaq. Hazırda əlimizdə 2 qapıçı qalıb. Rza Cəfərov da milli komandadır.
Bu oyun Avstriyada “Rapid”ə qarşı keçirəcəyimiz matçla bağlı planın bir hissəsi idi. 3 xal qazanmaq bizim üçün vacib idi. Bu gün gənclərdən yalnız müsbət siqnallar aldım. Fasilədə onlara bildirdim ki, özlərinə daha çox inanmalı, daha təhlükəli və hücumameylli olmalıdırlar. Çoxu gənc oyunçudur. Bəziləri ilk dəfə birlikdə çıxış edir. Çox aqressiv idik. Rəqibə yaxın oynamağa və itirdiyimiz topları geri almağa çalışırdıq. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacaqlar”.
Bizi Facebook-da izləyin