“Hazırda təkcə ölkəmizdə deyil, bütün dünyada idman mediası çətin situasiya ilə üzləşib” – Müsahibə
Koronavirus ölkənin bütün sahələrinə olduğu kimi idmana, idman mətbuatına da öz mənfi təsirini göstərdi, həm maddi, həm də mənəvi baxımdan. Yarışların, turnirlərin təxirə salınması, ölkə çempionatının keçirilməməsi mövzu qıtlığına səbəb oldusa, işin iqtisadi tərəfləri də öz sözünü dedi. Xüsusilə, onlayn mətbuatın işi çətinləşdi, maliyyə, büdcə azlığı müşahidə olundu.
İdman mətbuatındakı hazırkı vəziyyət, mövcud situasiyadan çıxış yolları və buna bənzər başqa məsələlərlə bağlı Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyevlə danışdıq. O, mövcud vəziyyəti dəyərləndirərək, fikirlərini bildirdi:
- Pandemiya bütün sahələrdə olduğu kimi idman mətbuatına da təsir göstərdi. Bu dövrdə mətbuatın vəziyyətini necə qiymətləndirirsiz?
- Pandemiya idman mətbuatına ümumi media ilə müqayisədə daha çox təsir etdi. İdman yarışlarının ləğvi və təxirə salınması medianın bu qolunun mövzu qıtlığı yaşamasına səbəb oldu. Məsələn, digər jurnalistlər hər gün ən azından koronavirus, yoluxma, karantin və digər aktual mövzularda informasiya yaydığı halda, idman junalistlərimiz mövzu tapmaqda çətinlik çəkdilər. Lakin çıxış yolunu çətinliklə olsa da, tapan həmkarlarımız öz fəaliyyətlərini davam etdirə bildilər və oxucularının informasiya tələbatını ödəməyə çalışdılar. Bu baxımdan, idman mediamız özü maddi cəhətdən çətin vəziyyətdə olsa da, öz funksiyasını əsl idmançı əzmkarlığı ilə icra etməyə nail oldu.
- İdman mediasının maddi cəhətdən çətin vəziyyətdə olmasına toxunduz. Bu dövrdə federasiya idman mətbuatının vəziyyəti ilə maraqlanırmı?
- Azərbaycan İdman Jurnalistləri Federasiyasının fəaliyyətə başlaması, təəssüf ki, pandemiyanın yayılması ilə eyni vaxta təsadüf etdi və bu bizim də fəaliyyətimizə mənfi təsirini göstərdi. Buna baxmayaraq, imkan daxilində idman mediamızın problemləri ilə maraqlandıq. Koronavirusa yoluxan bir həmkarımıza maddi yardım etdik, ahıl yaşda olan veteran idman jurnalistlərimizə ərzaq sovqatı çatdırdıq. Biz aprel ayında hökumətə idman mediasının vergilərdən və DSMF ödənişlərindən azad edilməsi üçün müraciət etdik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aldığımız rəsmi cavabda bunun mümkün olmadığı bildirildi. Amma bu kimi aksiyalar ümumi idman mediasının problemlərini həll edə bilməz, bunun üçün bizim də yetərincə imkanlarımız olmalıdır. Bizim İdarə Heyəti bəzən karantin qaydalarına əməl etməklə ofisdə toplaşır, bəzən də onlayn iclaslarımızda idman mediasının qarşılaşdığı problemləri müzakirə edir.
- Mətbuatın vəziyyəti, mövcud situasiyanın yaxşılaşdırılması ilə bağlı hansısa planlarınız var?
- Planlarımız çoxdur. Lakin pandemiya və karantin rejimi ilə əlaqədar olaraq hələlik biz də tam gücümüzlə fəaliyyət göstərə bilmirik. Düzdür, yazı müsabiqəsi təşkil edib qalibləri mükafatlandırdıq, Gənclər və İdman Nazirliyi ilə birgə iki videoçarx hazırlayıb TV-də və sosial şəbəkələrdə yaydıq, üzvlərimizlə birlikdə qanvermə aksiyasına qoşulduq, AMADA ilə birgə dopinq mövzusunda vebinar təşkil etdik. Amma idman mediasının vəziyyətinin yaxşılaşdırılması üçün planlarımızı, mövcud vəziyyətlə əlaqədar olaraq, hələ ki, reallaşdıra bilmirik. Məsələn, bu ilin yay aylarında idman jurnalistləri üçün səfalı rayonlarımızdan birinin olimpiya kompleksində kamp və treninq təşkil etmək, Bakıda ingilis dili kursuna cəlb etmək və s. kimi planlarımızı saxlamalı olduq.
- Reklam əməkdaşlıqları azalan, minimuma enən idman mediasının fəaliyyət göstərə bilməsi üçün nə etmək lazımdır?
- Karantin rejimi tətbiq olunan ilk vaxtlar biz idman mətbuatının, xüsusən də, onlayn medianın reklam problemləri ilə maraqlandıq. Hər kəsə məlumdur ki, idman mediasının əsas gəlir mənbəyi futbol klublarının reklamları hesabına formalaşır. Çox az sayda idman portalı var ki, digər sahələrdən reklam ala bilir. Məlum oldu ki, çempionat dayandırılsa da, klublar saytlarla əməkdaşlığı davam etdirməyə maraqlıdırlar. Klubların bu addımı təqdirəlayiqdir. Düzdür, bəzi sayt rəhbərləri bildirdi ki, ödəmələrdə yubanmalar yaranır. Bu da, sırf mühasibat problemləri ilə bağlı idi. Lakin sonradan klubların özlərində yaranan problemlər reklam əməkdaşlığına da sirayət etdi. Hazırda bu problemin həlli üçün çıxış yolları axtarırıq. Biz özümüz QHT olduğumuz üçün medianı maliyyələşdirmək imkanına malik deyilik. Lakin təkliflər və ideyalarla bu problemin həllinə çalışırıq. Fikrimcə, bunun üçün isə media rəhbərlərinin və reklam verənlərin birgə iştirakı ilə müzakirələrə və köklü dəyişikliklərə ehtiyac var.
- İdman mətbuatı, xüsusilə, onlayn media pandemiya dövrünü ağır itkilərsiz başa vurmaq üçün hansı addımları ata bilər? Bunun üçün onların üzərinə düşən vəzifə, iş nədir?
- Biz fevralın 20-də idman jurnalistlərinin respublika toplantısında da təklif etdik ki, ən yaxşı çıxış yolu kiçik saytların birləşərək böyüməsidir. Bu, onların bir çox problemlərinin həllinə kömək edər. Hazırda təkcə ölkəmizdə deyil, bütün dünyada idman mediası çətin situasiya ilə üzləşib. Bu gün biz də təşkilat olaraq, müraciət edən həmkarlarımızla maraqlanırıq və onların səslərini lazım olduqda idman qurumlarına çatdırırıq. Həmkarlarımız dözürlər və inanırlar ki, tezliklə çətinlikləri dəf edib öz normal fəaliyyətlərinə qayıda biləcəklər. Ümid edirəm ki, tezliklə çətin günləri arxada qoyacağıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin