Əhmədin əbədiliyi
Rəşad Fərhadoğlu
Kimin, yaxud kimlərin qohumu olması heç vaxt önəmli deyildi. Özü və sözü tam idi, bütöv adam idi. 50-ni haqlasa da, bəzən 5 yaşında uşaq olurdu, bəzən 100 yaşlı ağsaqqal. Dayı idi, amma day-day anlayışından uzaq idi. Qarşısındakı şəxsin yaşına uyğunlaşdırırdı duruşunu. Saça-saqqala dən salsa da, heç kimə yem olmazdı, heç kimi yem etməzdi. Kişi oğlu kişi idi. Ölüsünə də rəhmət etdirənlərdən idi, dirisinə də. Ana tərəfdən məşhur Acalovlar sülaləsindən idi. Elə kökü də Borçalı elindən idi. Atdığı hər addım, kəsdiyi hər kəlmə Qarapapaqlara xas idi. Akademik olmasa da, biliyi, dünyagörüşü akamedik səviyyədə idi…
Əhməd haqda uzun-uzadı danışmaq olar. Bəziləri üçün ondan söhbət açmaq çətin ola bilər, amma mənim üçün xoşdur və bu, heç vaxt dəyişməyəcək. Futbolçu deyildi, məşqçi də deyildi, amma futbol adamı idi. Maraqlıdır ki, eyni zamanda boks, güləş, cüdo və digər idman növlərinin də camiəsinin üzvü idi.
Nəbizadənin səssiz-səmirsiz, heç kimlə vidalaşmadan bizdən ayrıldığını Lalayev qardaşlarından kiçiyi, yəni Elşən xəbər verdi. Ağlaya-ağlaya, ruhu sarsılmış şəkildə. Eyni zamanda utana-utana. Axı bu xəbər sıradan xəbər deyildi. Bütün dostları, tanışları, hətta adını duyub, özünü görməyənlər üçün belə. Əhmədin Azərbaycan futboluna faydası böyük ola bilərdi. Zəngin fikirləri və tövsiyələri ilə. Olmadı, imkan vermədilər. Verməzdilər də. Çünki nə sifəti, nə də xasiyyəti Elxan Məmmədov, Elşad Nəsirov, lap elə qohumu Ramin Musayevinki kimi idi. Oğlu “Əlişqa”nı, yəni Əlini futbola deyil, tamam başqa idman növünə yönəldəndə səbəbini soruşmuşdum. “Bu mühitdə ondan futbolçu olar” sualını verdi, susdum. Verə biləcəyim cavab yox idi. Az öncə adlarını çəkdiyim şəxslərin “at oynatdığı” meydanda “at izinin it izinə, it izinin isə uzunqulaq izinə qarışması” qaçılmazdır. Əhməd millətçi idi. Həm də qlobalizasiyaya açıq insan idi. Azərbaycan çempionatına qədəm basan əcnəbilərin əksəriyyəti ilə dostluq münasibəti var idi. Doğru yol göstərdiyinə, məsləhətlərinə görə iynəyə bənzədərdim onu: “Hamını bəzər, özü lüt gəzər”. Artıq heç kəsə bənzətməyə ehtiyac qalmadı. Dünyaya Əhməd kimi gəldi, Əhməd kimi də getdi. Artıq tək-tənha olacaq, cismən. Ruhən isə həmişə bizimlədir. Dəyişən bir şey yoxdur.
Allah rəhmət eləsin!
Bizi Facebook-da izləyin