
“Daha güclülərlə oyunlarda meydana daha rahat çıxırıq” – MÜSAHİBƏ
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.
Bölgə təmsilçisinin portuqaliyalı qapıçısı Rojerio Santos oyundan sonra Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Əvvəlcə oyun haqda fikirlərini bölüşərdin…
– Bugünkü oyun çox önəmli idi. Komanda şəklində mübarizə aparıb qalib gəldik. “Səbail”in dünən heç-heçəsini nəzərə alsaq, artıq yeddi xal irəlidəyik.
– “Kəpəz” güclü rəqiblərlə matçlarda zəif komandalara nisbətən daha inamlı oynayır. Bunun səbəbini nədə görürsən?
– Zəif komandalarla oyunlarda üzərimizdə təzyiq daha çox olur. Daha güclülərlə oyunlarda isə meydana daha rahat çıxırıq. Həm də, bu, futboldur, hər şey ola bilər.
– İkinci hissədə rəqibin təzyiqi daha da artmışdı. Bu anlarda özünü necə hiss etdin?
– “Sabah” Premyer Liqanın güclü komandalarındadır. Ona görə də çətin oldu. Təzyiqə dözmək çətin idi, amma komanda şəklində oynadıq və qalib gəldik.
– “Kəpəz”in qələbəsində sənin qurtarışların önəmli rol oynadı. Bu cür çıxış səni qane edir?
– Futbol komanda oyunu olduğuna görə, burada fərdi bir çıxışdan söhbət gedə bilməz. Mən öz işimi görürəm. Mənim üzərimə düşən komandanı qollardan qorumaqdır.
– Qapıçı olaraq, komandanın müdafiəçiləri ilə anlaşman necə alınır?
– Bunu Dieqo Verdaskadan soruşa bilərsiz (gülür). Onun həm ingiliscəsi yaxşıdır, həm də müdafiəçi kimi bu suala daha yaxşı cavab verə bilər.
– “Sabah”la qələbədən sonra ən yaxın izləyiciniz “Səbail”lə xal fərqi yeddiyə qalxdı. Rahatçılıq hiss olunur?
– Təbii ki, xal fərqinin artması yaxşı haldır. Amma biz bundan rahatlaşmırıq. Qarşıda yeddi oyunumuz var və çalışacağıq ki, maksimum xallarla bu matçları tamamlayaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



