Zubirlə Borgesi necə milliləşdirmək olar?

Rəşad Ergün

2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsi Azərbaycanın futbol zəhmətkeşlərini xeyli həyəcanlandırıb. Sosial şəbəkədə yazılanları oxuduqca adam haldan-hala düşür.

Bəzi yoldaşlar yazırlar ki, Azərbaycan millisi üçün münasib rəqiblərdir, bu qrupda ikinci yeri tutmaq olar.

Görünür, hələ də Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsindəki qələbəsinin təsirindən çıxa bilməyən bəziləri deyirlər ki, mübarizə aparmaq, vuruşmaq, lazım gəlsə, meydançanın bütün otunu çeynəmək lazımdır, onda yaxşı nəticələr də olacaq.

Bir xeyli qaramat adam da var ki, artıq indidən Azərbaycan millisini AVRO-2024-ün qrup mərhələsində basdırıb, baş məşqçi Canni De Byazini də başdaşı əvəzi qoyub.

UEFA, Millətlər Liqası adlı üzr istəyirəm ifadəyə görə, geydirmə bir turnir yaratdı. Ki, millətləri, xalqları bir topun ətrafında birləşdirən futbolda sevinən təkcə almanlar, italyanlar, fransızlar, portuqallar, ingilislər, braziliyalılar, argentinalılar, belçikalılar olmasın. Düzdür, məqsəd həm də pul qazanmaqdır belə geydirmə turnirlərin yaradılmasında. Amma istənilən halda, futbolda başını işlədib, ayağı ilə yaxşı oynayanlar qədər, ayaq altında qalanlar üçün də yaxşı fürsətdir Millətlər Liqası, Konfrans Liqası kimi turnirlər.

Nədən danışırdıq? Həə, xatırladım…

Azərbaycan millisi UEFA-nın “sədəqə turniri” olan Millətlər Liqasında axı inanılmaz oyun, nəticə göstərdi ki, indi durub Avropa çempionatında Belçikaya, İsveçə, Avstriyaya, Estoniyaya qarşı necə mübarizə aparacağını, qrupda neçə xal yığacağını, neçə komandanın evini yıxacağını müzakirə edək.

Boş yerə vaxt itirib AÇ-2024-ün qrup mərhələsi üçün hesab-kitab tutana kimi, daha ciddi işlərlə məşğul olaq. Məsəlçün, oturub düşünək, plan cızaq ki, “Qarabağ”dan Abdullah Zubiri, Kadi Borgesi necə milliləşdirib, Azərbaycan millisinə dürtüşdürə, Avropanın daha hansı ölkəsindən ulu babasının nənəsi nə vaxtsa azərbaycanlı kişi ilə günaha girmiş birini tapıb, boynuna bizdən biri olduğunu qoyub, yığmamıza cəlb edə bilərik. Bu problemləri həll etsək, milli komandamız AÇ-2024-də olmasa da, AÇ-2044-ün seçmə mərhələsində birinci ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button