
Zorakılıqda ittiham olunan futbolçu Çempionlar Liqası matçına hazırlaşır
“Vilyarreal”ın yarımmüdafiəçisi Tomas Parti UEFA Çempionlar Liqasında “Tottenhem”lə bu gün keçiriləcək matçda iştirak etməyə hazırdır.
Partiyə qarşı 2021-2022-ci illərdə “Arsenal”da çıxış etdiyi dövrdə baş verən hadisələrlə əlaqədar zorakılıq ittihamları irəli sürülüb. O, sabah məhkəmə qarşısına çıxacaq. Onun vəkili bildirib ki, Parti bütün ittihamları rədd edir və adını təmizləmək imkanı üçün hazırdır.
Komanda.az “Yahoo Sports”-a istinadən xəbər verir ki, İspaniya klubunun baş məşqçisi Marselinyo Partinin həm fiziki, həm də texniki baxımdan sabahkı (bugünkü) oyuna hazır olduğunu bildirib:
“Tam əminəm ki, o, həm fiziki, həm də texniki baxımdan oyuna hazırdır. Tomasın futbol bacarığı ilə komandamızla birlikdə olduğuna çox şadıq. Düşünürəm ki, o, ən yüksək səviyyəyə qayıdacaq”.
Baş məşqçi məhkəmə prosesi barədə ətraflı şərh verməkdən imtina edib:
“Biz yalnız futbolçunun potensialını qiymətləndiririk və onu tam təqsirsiz qəbul edirik”.
Bizi Facebook-da izləyin



