“Zirə”nin ilk yarımfinalı
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.
Komanda.az xəbər verir ki, “Zirə” “Sumqayıt”la qarşılaşacaq.
Tarixində ilk dəfə yarımfinala yüksələn “qartallar” finala vəsiqə uğrunda mübarizə aparacaq. Komandalar arasında ilk oyun Sumqayıtda baş tutacaq.
“Qartallar” indiyədək bu rəqiblə yalnız Premyer Liqada üz-üzə gəlib. Kubokda ilk dəfə qarşılaşacaq komandalar ümumilikdə 17-ci duelə çıxacaq.
Çempionatdakı 16 görüşdə “Zirə” böyük üstünlüyə malikdi. 9 qələbəsi olan bu komanda 3 heç-heçə edib və 4 dəfə uduzub. 21 qol vurub 12-ni buraxan komandanın heyətində Aleksandr Dedovla Vüsal İsgəndərli daha çox – hərəyə 3 dəfə rəqib qapısına yol tapıb.
“Gənclik şəhəri” təmsilçisi ilə səfərdəki 8 qarşılaşmada 3 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan “Zirə” top fərqində minimal üstünlüyə sahibdi. 7 qol vuran zirəli futbolçular 6 top buraxıblar. Komandalar cari mövsümdə 5-ci dəfə qarşılaşacaq. İlk oyunda uduzan “Zirə” sonrakı görüşlərdə ardıcıl üç qələbə qazanıb. 2019-cu ilə təsadüf edən iki görüşdə isə “Qartallar” qol da buraxmayıb.
“Sumqayıt”la matç “Zirə”nin Azərbaycan kubokunda 13-cü oyunu olacaq. Yarışda 5-ci mövsümünü keçirən “qartallar” indiyədək 7 qələbə qazanıb, 5 məğlubiyyət alıb. 15 qol vurub, 17-ni buraxan komanda indiyədək 7 rəqiblə görüşüb. “Sumqayıt” turnirdəki 8-ci rəqib olacaq. 8-ci rəqiblə səfər matçı rəqib meydanlarındakı 8-ci kubok sınağıdı. Əvvəlki 7 oyunda 4 qələbə və 3 məğlubiyyəti olan “Zirə” 9 top vurub, 12-ni buraxıb.
Bizi Facebook-da izləyin