“Bunu bir mən bilirəm, bir də Zaur” – Müsahibə

“Zirə” ilə yollarını ayıran və hazırda azad agent statusu daşıyan Elvin Məmmədovun Komanda.az saytına müsahibəsi:

  • Elvin, “Zirə”dən nə üçün ayrıldın?
  • Bəlli idi vəziyyət. İkinci komandaya göndərirlərsə, orda qalmaq istəmədim. Fikrimi bildirdim və hörmətə yanaşdılar. Qarşılıqlı razılaşma əsasında da yollarımızı ayırdıq.
  • Samir Abasovun vaxtında kifayət qədər şans qazanırdın. Ancaq Zaur Həşimov baş məşqçi postuna gəldikdən sonra vəziyyət dəyişdi. Həşimov səni nə üçün oynatmırdı?
  • Zaurun da vaxtında oynamışam. Sonra zədəm olmuşdu. Dedilər, qərara gəlmişik ki, daha çox şans qazanmağın üçün səni göndərək. Bundan sonra danışdıq və razılaşaraq ayrıldıq. Həşimovun vaxtında zədəli oynadığım da olub.
  • Zaur Həşimovla aranda problem var?
  • Bəli, var.
  • Nə problemdir bu?
  • Bunu bir mən bilirəm, bir də Zaur. Danışsaq, saqqız kimi uzanacaq.
  • “Zirə”dən ayrılmağın sırf bununla bağlı idi?
  • Bəli.
  • Qış toplanışına da aparılmadın. Ayrılacağını bilirdinsə, nə üçün transfer pəncərəsinin son günlərini gözlədin?
  • Bəlli nüanslar var idi, ona görə. Bunları həll etdikdən sonra məsələ düzəldi.
  • Maliyyə məsələləri idi?
  • Bəli, ancaq bunu da həll etdik və məsələlər düzəldi. Qarşılıqlı anlaşıb, yollarımızı ayırdıq.
  • Bundan sonra nə edəcəksən?
  • Hələ gözləyirəm, görək nə olur. Xəbər zad olsa, bundan hamı xəbərdar olacaq.
  • Hansısa klubdan maraq və ya təklif varmı?
  • Hələ konkret bir şey yoxdur.
  • Növbəti klubunu seçəndə Azərbaycan millisinə çağırılmaq faktoru nə dərəcədə rol oynayacaq?
  • Bu dəqiqə milli haqda düşünmürəm. Sadəcə klub haqda fikirləşirəm. Qalan şeyləri zaman göstərəcək. Oynayacağım klub bilinəndən sonra fikirləşəcəm. Bilinmir getdiyim yerdə oynayacam, oynamayacam. Hər şeyi zaman göstərəcək.
  • “Zirə”nin potensialını bilirsən. Komanda bu mövsüm nəyə iddia edə bilər?
  • Yerli və legioner futbolçular gəlib. Mənim orda dostlarım var. Həm rəhbərlikdən, həm də futbolçulardan. İstəyərəm ki, “Zirə” Avroliqaya qatılsın, yaxşı nəticələr qazansın. Düşünülməsin ki, mənim Zaurla problemim var deyə, uğurlarını istəmirəm. Ancaq bu, bizim aramızda olandır. Orda dostlarım var və istəyirəm onlar qazansın, həm karyera, həm də maddi cəhətdən. Zauru istəmirəm, amma bunun komandaya aidiyyatı yoxdur.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button