“Zirzəmi”dən avrokuboklara – Abasov “Zirə”ni çempion da edə bilər
Azərbaycan Premyer Liqasında 20-ci tura martın 9-da start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.
Bu potensialla, bu rəhbərliklə…
Turun ilk oyununda debütant “Sabah” “Keşlə”nin qonağı olacaq. Son turda hər iki komanda məğlubiyyətə üzülüb. “Sabah” “Neftçi”ylə görüşdə (0:3), “Keşlə” isə “Qarabağ”la qarşılaşmada (0:1) məğlubiyyət acısı yaşayıb. Tərlan Əhmədovun “sükanı arxasında” olduğu Keşlə təmsilçisi “zirzəmi”dən çıxmağın yollarını axtarır. Amma bu komanda bu potensialla, bu rəhbərliklə çətin ki, üst sıralara yüksələ bilsin. “Sabah” bu “Keşlə”ni məğlub edə bilməsə, günahı özündə axtarsın.
Statistika nə deyir?
“Sabah” hər iki oyunda qol vurub. Hər iki matçda qonaq tərəf qələbə qazanıb.
Keşlə – Sabah: 2 oyun, 1 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 2-2
“Erotik çempionat”dan nə desən, gözləmək olar
İlk oyun gününün son qarşılaşmasında liderlik uğrunda “Neftçi”ylə mübarizə aparan “Qarabağ” “Zirə”ylə üz-üzə gələcək. Samir Abasovun komandası birtəhər 6-cı pilləyə yüksələ bilib. Komandasının “zirzəmi”dən çıxmasından sonra Abasov, avrokuboklara vəsiqə qazanmaq arzusunda olduqlarını açıqlayıb. Azərbaycan Premyer Liqasıdır, nə desən, ola bilər. Bir də gördün, “Zirə” mövsümün sonunda çempion da oldu. İnanmırsız? İnanın, inanın. 8 komandalı çempionatdan başqa nə gözləyirsiz ki? Dünən sonuncu yerdə gedən komanda 2-3 turdan sonra ortabab olur, orta sıralarda qərarlaşır. AFFA ilə PFL-in təşkil etdiyi “erotik çempionat”dan nə desən, gözləmək olar. Amma “Qarabağ” bu tur çətin ki, Abasova avrokuboklara vəsiqə yolunda inamlı addım atmasına imkan verə.
Statistika nə deyir?
“Qarabağ” son 5 oyunda qələbə qazanıb. “Zirə” indiyədək rəqibinə qalib gələ bilməyib.
Qarabağ – Zirə: 14 oyun, 11 qələbə, 3 heç-heçə, 0 məğlubiyyət, top fərqi 30-6
“Qəbələ” rəhbərliyinin inadı
Son iki turda autsayderlər qrupunda qərarlaşan “Zirə”ylə “Keşlə”nin hərəsinə 1 xal “hədiyyə edən” “Qəbələ”, bu dəfə “Səbail”i qəbul edəcək. Həmin “Səbail”i ki, mükafatçılar sırasına düşməkdə “qırmızı-qaralar”ın əsas rəqibidir. “Qəbələ” son 3 turda cəmi 2 xal qazanmasaydı, indi “Səbail”lə aradakı xal fərqi 6 yox, daha az olacaqdı. İndi isə Sənan Qurbanovun komandasının sadəcə bir vəzifəsi var: Bakı komandasını məğlub edib, xal fərqini azaltmaq və 3-cü yer uğrunda mübarizəyə davam etmək. Əks halda, “Qəbələ” avrokoboklara vəsiqə qazanmaq arzusunu yaddan çıxara bilər. Əslində, Qəbələ təmsilçisi heyətinə görə cari mövsümdə “Qarabağ” və “Neftçi”ylə birgə, ən yaxşı komandalarından biridir. Amma deyəsən, Sənan Qurbanovun məşqçi potensialı bu komandanın imkanları ilə üst-üstə düşmür. Klub rəhbərliyi isə inadla Qurbanovu postunda saxlamağa davam edir.
Statistika nə deyir?
“Səbail” son 2 matçda qol vurmayıb. “Qəbələ” evdə uduzmayıb və hər matçda qol vurub.
Qəbələ – Səbail: 6 oyun, 3 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi 11-5
“Ömrü uzanan” Abbasov
Turun son matçında AFFA-nın nəzarətində olan iki komanda – “Neftçi”ylə “Sumqayıt” qarşı-qarşıya gələcək. Hələ ötən turdan əvvəl “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasovun istefaya göndərilməli olduğunu yazmışdıq. Amma “Sumqayıt” daha bir “qardaş”ı – “Səbail”lə görüşdə xal qazanmaqla (0:0), Abbasovun “sükan arxasında”kı ömrünü uzatdı. “Neftçi”nin isə “kiçik qardaş”la qarşılaşmada xal itirəcəyini ehtimal etmək olmaz. Bu isə o deməkdir ki, “kimyaçılar” turnir cədvəlinin sonuncu pilləsindən yaxasını qurtara bilməyəcək. Və yəqin ki, ölkənin ən böyük şəhərlərindən birini təmsil edən komandanın bərbad çıxışı, “zirzəmi”də qərarlaşması fonunda heç kim istefa verməyəcək.
Statistika nə deyir?
Sumqayıt – Neftçi: 26 oyun, 9 qələbə, 4 heç-heçə, 13 məğlubiyyət, top fərqi 30-41
“Neftçi” 3 oyundur uduzmur. “Sumqayıt”ın son 5 ev matçında qol vuran tərəf qalib gəlir.
Komanda.az
Bizi Facebook-da izləyin