“Zirə”ylə “Keşlə”yə təklif: Baş məşqçisiz oynayın!

Azərbaycan Premyer Liqasında 16-cı tura fevralın 9-da start veriləcək.

Turun oyunları iki gün ərzində keçiriləcək.

“Səbail”ə çatmaq arzusu

Turun ilk oyunu hərəyə 20 xalla turnir cədvəlinin 4-5-ci sıralarını bölüşən “Sabah”la “Qəbələ” arasında keçiriləcək. Hər iki komanda qış fasiləsindən sonra keçirdiyi ilk oyunu qələbəylə başa vurub. “Qırmızı-qaralar” bundan əvvəlki turda Qəbələdə “Sumqayıt”ı məğlub etmişdisə, “Sabah” səfərdə “Zirə”dən üstün olmuşdu. Bu görüşün nəticəsi komandalardan hansınısa daha üst pilləyə daşımayacaq və ya əksinə, aşağı sıraya salmayacaq. Amma ən azı, 3-cü pillədəki “Səbail”ə yaxınlaşmaq üçün qələbə vacibdir. O qələbəni kim qazanacaq, bunu oyundan sonra biləcəyik. Oyundan əvvəl isə şanslar demək olar ki, bərabərdir.

Statistika nə deyir?

Hər iki komanda ev oyununda qələbə qazanıb. “Sabah” hər qarşılaşmada 1 qol vurub.

Sabah – Qəbələ: 2 oyun, 1 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 2-2

Kimə, nəyə lazımdır “Sumqayıt”?

AFFA-nın yarıtmaz “layihələr”indən olan “Sumqayıt”ı bu tur “Qarabağ”la çətin sınaq gözləyir. “Niyə yarıtmaz layihə” deyirik “Sumqayıt” haqda? Bu komanda neçə ildir yaranıb, neçə ildir Azərbaycan Premyer Liqasında mübarizə aparır? Yarandığı gündən bu yana “Sumqayıt”ın ölkə futboluna hansısa faydası dəyib? Hansı futbolçuları yetişdirib ki, onlar Azərbaycan millisində aparıcı oyunçulara çevriliblər? “Sumqayıt” hansısa mövsümdə avrokuboklara vəsiqə qazanıb? Ümumiyyətlə, bu komandanın var olmasının səbəbi, məqsədi, məramı nədir? Cari mövsümdə də “kimyaçılar”ın nə oynadığı, niyə oynadığı bilinmir. “Keşlə” və “Zirə” ilə birlikdə mövsümün uğursuz komandalarından biridir “Sumqayıt”. İndi bu komandanı son illərin dəyişməz çempionu “Qarabağ”la qarşılaşma gözləyir. Möcüzə baş verməsə, Ayxan Abbasovun komandası bu oyundan da məğlubiyyətlə ayrılacaq. Əslində, möcüzə baş verməməlidir də. Çünki “köhlən atlar” əvvəlki turda, lider “Neftçi”ylə görüşdə 1 xala razılaşmışdı. Növbəti xal itkisi Qurban Qurbanovun yetirmələrinə çempionluq yolunda zərbə ola bilər. Ona görə də, “Qarabağ”ın Sumqayıt səfərindən qələbəylə ayrılmaq üçün var gücüylə çalışacağını deyə bilərik.

Statistika nə deyir?

“Sumqayıt” 13 oyundur qələbə qazana bilmir. Ardıcıl 3 “quru hesablı” qələbə qazanan “Qarabağ” 13 matçdır meydanı qolsuz tərk etmir.

Sumqayıt – Qarabağ: 26 oyun, 4 qələbə, 3 heç-heçə, 19 məğlubiyyət, top fərqi 12-54

Zaur Axundov, “Keşlə”yə baş məşqçi lazım deyil!

İkinci oyun gününün ilk qarşılaşmasında lider “Neftçi” autsayderlər qrupunda qərarlaşan “Keşlə”ni qəbul edəcək. Ötən tur “Qarabağ”ın qonağı olan “neftçilər” heç-heçə etməklə, zirvədəki yerini qorudu. İndi isə “Neftçi” özü kimi AFFA-nın nəzarətində olan “Keşlə”ylə üz-üzə gəlir. Roberto Bordinin komandası üçün Keşlə təmsilçisini məğlub etmək problem olmamalıdır. Zaur Axundov Tərlan Əhmədovu “sükan arxasına” gətirərək, komandasının “zirzəmi”dən çıxacağına ümid edirdi. Amma Əhmədov da “Keşlə”nin dərdinə dərman ola bilmədi. Çox güman ki, Axundov artıq beynində Əhmədovu kiminlə əvəz edəcəyinin planını qurur. “Neftçi”yə məğlubiyyət olarsa, Tərlan Əhmədovun qovulması ehtimalı böyükdür. Ümumiyyətlə, 15 tura cəmi 12 xal toplayan komandaya baş məşqçi lazımdırmı? Bir komanda baş məşqçisiz də bu “nəticə”ni qazana bilər. Zaur Axundov, “Keşlə”ni və AFFA-nı artıq xərcdən qurtar, ya özün baş məşqçi ol, ya da baş məşqçisiz davam edin!

Statistika nə deyir?

“Neftçi” son 13 görüşdə qol vurub. Son 12 görüşdə heç-heçə qeydə alınmayıb. “Neftçi” ardıcıl 6 ev oyununda qələbə qazanıb.

Neftçi – Keşlə: 57 oyun, 29 qələbə, 14 heç-heçə, 14 məğlubiyyət, top fərqi 87-58

Tərlan Əhmədov

“Zirə” 15 oyunda nə işlə məşğul olub?

Turun son oyununda autsayder “Zirə” “Səbail”lə qarşılaşacaq. “Səbail”in 3-cü pillədəki mövqeyini əldən verməmək üçün mübarizə aparacağı dəqiqdir. Bəs “Zirə” nə edəcək? Azərbaycanın idman mətbuatının yorulmadan təriflədiyi, şəninə nəğmələr bəstələyib, şeirlər yazdığı Samir Abasov “Zirə”ni “bataqlıq”dan çıxara bilmir. Bu gedişlə, komanda mövsümün sonunda Premyer Liqanı tərk edəcək (təbii ki, AFFA yenə reqlamentə barmaq etməsə, idman prinsiplərini pozmasa). Yarandığı vaxtdan daim iddialı olan, hətta Avropa Liqasına vəsiqə qazanıb, mərhələ keçən “Zirə” indi qapazaltı rolundadır. Komandanın bu mövsüm 15 oyuna topladığı xal sayı 10-dur. Adamın içindən sual vermək gəlir: Zirə təmsilçisi keçirdiyi 15 oyunda nə işlə məşğul olub? “Keşlə”də olduğu kimi, “Zirə”də də baş məşqçiyə ehtiyac yoxdur axı deyəsən.

Statistika nə deyir?

“Zirə” son 2 oyunda qələbə qazanmayıb. “Səbail”in yeganə qələbəsi texniki nəticə hesabına gerçəkləşib.

Səbail – Zirə: 6 oyun, 1 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət, top fərqi 2-5

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button