“Zirə”yə evdə də qalib gəlmək istəyirik”
İsrailin “Makkabi” (Təl-Əviv) komandasının baş məşqçisi Vladimir İviç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Zirə”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk oyundakı 3:0 hesablı qələbəyə baxmayaraq, hələ işimiz bitməyib. Evdə də qalib gəlmək istəyirik. Bizim üçün mərhələni adlamaq vacibdir”.
45 yaşlı mütəxəssis Bakıda 3:0 hesabı ilə qələbə qazandıqları ilk matçdan razı qaldığını bildirib: “Lakin daha yaxşı oynaya bilərik. Hazırda bunun üzərində işləyirik. Oyunumuzdakı inkişafı görmək istəyirik. Bunun üçün balansı tapmalıyıq”.
Serbiyalı baş məşqçi komandanın lideri olan Eran Zahavinin cavab oyununda da meydana çıxmayacağını bildirib: “O, öz üzərində yorulmadan işləyir. Hazırkı durumdan razı deyil. Biz ona kömək etmək üçün yanındayıq. Oynamağı ən çox özü istəyir. Həkimlərdən müsbət cavab gözləyirik”.
İviç Nir Bitonla Den Qleyzerin isə oynamağa hazır olduqlarını əlavə edib: “Matça əla hazırlaşıblar və onların vəziyyətindən razıyam. Sabah hər ikisi heyətdə olacaq. Amma sözügedən futbolçuları riskə atmaq olmaz”.
“Makkabi”nin kapitanı Şeran Yeini isə bunları dilə gətirib:
“Bu oyun bizim üçün çox vacibdir. Diqqətimizi bir nöqtəyə cəmləməliyik. Azərbaycan təmsilçisinin heyətində təhlükəli oyunçular var. Biz ilk oyunu təhlil etmişik və səhvlərimizi düzəldəcəyik. Bu, həm fiziki, həm də taktiki baxımdan inkişaf etməyimiz üçün önəmli qarşılaşmadır”.
Sabah Təl-Əvivdəki “Blumfild” stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Bizi Facebook-da izləyin