“Zirə”nin tarixində yeni qolçu
“Zirə”nin futbolçu Şefik Tiqrudja klubun heyətində ilk qolunu vurub.
Komanda.az xəbər verir ki, o, Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la evdəki cavab oyununda (3:3) fərqlənib. Legioner “qartallar”ın tarixində qol sevinci yaşayan 56-cı futbolçu olub. Bu qarşılaşmayadək 55 oyunçu rəsmi görüşlərdə rəqib qapılarına yol tapmışdı.
Həm Şefik, həm də Xulio Sezar Rodriges Azərbaycan kubokunda ilk dəfə fərqlənib. Bu matçadək “Zirə”nin 11 futbolçusu bu yarışda qol sevinci yaşamışdı. Qol hesabını açan cütlük bu rəqəmi 13-ə çatdırıb. Pərdis Fərcad-Azad isə kubokda 2-ci qoluna sevinib.
Ümumilikdə isə Pərdis 3-cü, Xulio 5-ci dəfə qol vurmağı bacarıb. Sonuncu bu göstəricidə klub tarixində ən məhsuldar oyunçular siyahısında 14-cü yerə şərik olub. O, Elvin Məmmədov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi və Luis Alberto Diezə çatıb.
Qeyd edək ki, “Zirə” tarixində 3-cü dəfə Azərbaycan kubokunda bir oyunda ikidən çox top vurub. Ötən mövsüm “Xəzər”i 3:0, cari mövsümdə “Səbail”i 3:2 hesabı ilə məğlub edən komanda bu dəfə bərabərliklə kifayətlənib.
Bizi Facebook-da izləyin