Serb futbolçu Maksimi təriflədi, “Neftçi”nin müdafiəçisini “sildi”

“Zirə”nin sabiq futbolçusu Miloş Radivoyeviç Serbiya mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, “İnformer” nəşrinə danışan Radivoyeviç, Azərbaycan millisinin üzvlərinin daxili çempionatda oynadıqlarını və onların gücləri haqda bunları deyib:

“Azərbaycan millisində bütün futbolçular daxili çempionatda çıxış edirlər. Seçimləri çox deyil. Sağ cinahda çıxış edən Maksim Medvedev komandanın ən yaxşı oyunçularından biridir. O, ölkənin ən yaxşı klubu olan “Qarabağ”da çıxış edir. Bizim üçün üstünlüyü hücuma çox çıxmamasıdır. Medvedev digər müdafiəçi Anton Krivotsyukdan qat-qat güclüdür. Nemanya Radonyiçin Krivotsyukla asanlıqla mübarizə aparacağına əminəm.

Digər müdafiəçi Bədavi Hüseynov da dəqiq oynayır. Portuqaliyaya qarşı oyunda yaxşı olduğunu göstərdi. Elvin Bədəlov isə müdafiəçi deyil. “Sumqayıt” klubunda yarımmüdafiəçi kimi oynayırdı. Onlar güc və sürət baxımından hücumçularımıza qətiyyən uyğun gəlmirlər.

“Neftçi”nin kapitanı Emin Mahmudovu xüsusi fərqləndirmək istəyərdim. Mükəmməl zərbələri və yaxşı ötürmələri var. Canni De Byazi Portuqaliya ilə oyunda müdafiəçiləri cinahda oynatdı. Azər Salahlı sol, Abbas Hüseynov isə sağ cinah müdafiəçisidir. Daha bir keçmiş komanda yoldaşım Tellur Mütəllimovun da Serbiya ilə oyunda cinahda çıxış edəcəyini gözləyirəm. Ona diqqət etmək lazımdır, heç kimin gözləmədiyi vaxtda uzaq məsafədən möhtəşəm zərbələr vurur.

Mahir Emreli də maraqlı oyunçudur, lakin öz çempionatları üçün! Əli Qurbaniyə qarşı oynamamışam və buna görə onun haqda bir şey deyə bilməyəcəm. Yarımmüdafiədə topla yaxşı rəftar edən keçmiş komanda yoldaşım Vüqar Mustafayev də var. Qapıçı Şahruddin Məhəmmədəliyev isə Portuqaliya ilə matçda həyatının oyununu oynadı. Ümid edirəm ki, həmin çıxışını təkrarlamaz. Azərbaycan yığmasının üzvlərinin hamısı yerli çempionatda çıxış edir. Onlar serbiyalılarla müqayisə oluna bilməzlər”.

Radivoyeviç sonda Serbiya milli komandasının bu matçda 2-3 qol fərqi ilə qələbə qazanacağına inandığını bildirib:

“Düşünürəm ki, ən böyük problemi özümüz yarada bilərik. Olduqca zəif rəqibə qarşı büdrəyə, xal itirə bilərik. Ümid edirəm ki, bu olmayacaq. Futbolçular arxayınlaşmasa, azı 2-3 top fərqi ilə qələbə qazanacağımıza şübhəm yoxdur”.

Miloş, 2018-19-cu illərdə “Zirə”də çıxış edib.

Bu gün Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Serbiya matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button