“Azərbaycanda futbol gözlənilməzdir, hər kəs digərlərini məğlub edə bilər” – Müsahibə
“Zirə”nin futbolçusu George Anton Moldova mətbuatına müsahibə verib.
Komanda.az “moldfootball.com” saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi müsahibəsində Azərbaycan futbolu haqda danışıb:
- 27 yaşınız var və “Zirə” sizin üçün ilk xarici təcrübədir. Daha əvvəl belə təkliflər olmayıb, yoxsa özünüz ayrılmaq istəməmisiz?
- Həmişə xaricdə oynamaq istəmişəm. Sadəcə, indiyə qədər ayrılmağım üçün konkret təkliflər olmayıb. “Zirə” isə mənim transferimdə israrlı davrandı və müqavilə imzalamağımı çox istədi.
- İnfrastruktur, maliyyə, azarkeş baxımından “Zirə” necə klubdur?
- Bu, 2014-cü ildə yaradılan gənc və iddialı komandadır. Ev oyunlarımızı Bakıdan 40 kilometr məsafədə yerləşən Zirə qəsəbəsində keçiririk. Ancaq hər gün eyni vaxtda Bakı Olimpiya Stadionunda məşq edirik. Azarkeşlərə gəlincə, oyunlara çox adam gəldiyini deyə bilmərəm. Ancaq bizi çılğın şəkildə dəstəkləyirlər. Maliyyə baxımından isə heç bir problem yoxdur.
- Yeni komandada özünüzü nə dərəcədə rahat hiss edirsiz və Azərbaycan futbolunu necə gördüz?
- Artıq altı oyun keçirmişəm və özümü yaxşı hiss edirəm. Azərbaycanda futbol gözlənilməzdir, hər kəs digərlərini məğlub edə bilər. “Qarabağ”ı saymasaq, digər komandaların gücü bərabərdir. İndi turnir cədvəlində vəziyyət belədir ki, hər klubun avrokuboklara vəsiqə qazanmaq şansı var.
- “Zirə” sizə necə yaşayış şəraiti yaradıb? Harada yaşayırsız, boş vaxtınızda nə edirsiz və kimlə ünsiyyət qurursuz?
- Bakıda bir mənzildə yaşayıram və “Sabah”dakı həmyerlim Yevgeni Koçukla ünsiyyət qururam. O, əvvəlcə burada rahat olmağımda kömək oldu. Ailəm artıq yanımdadır, buna görə də, boş vaxtlarımı yaxınlarımla keçirirəm.
- Azərbaycanda ətrafınızdakı insanlar koronavirus pandemiyası ilə bağlı yaranmış situasiyaya necə reaksiya verdilər? Bu məsələdə vəziyyət necədir?
- Bütün lazımi tədbirlər görülüb, dörd gündür məşq etmirik. Bilirəm ki, qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hər kəs bu problemin həllini gözləyir, amma heç kimə küçəyə çıxmaq qadağan olunmayıb. Bu günə qədər hər şey adi qaydada gedir.
- Belə çıxır ki, bu qeyri-müəyyən müddətə qədər yaranan fasilə zamanı Azərbaycanda qalası olduz?
- Bəli, qaldım. Virusdan qorunmaq üçün əsasən ailəmlə birlikdə evdə oluram. Bu vəziyyətdə nəsə etmək çətindir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin