“Zirə”nin 20-ci sınağı


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” bu gün saat 17:00-da ilk yoxlama oyununu keçirəcək.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, “qartallar” Qazaxıstanın “Taraz” klubu ilə görüşəcək. Bu, “Zirə”nin Qazaxıstan təmsilçiləri ilə 2-ci dueli olacaq.

“Qartallar” indiyədək yalnız 1 dəfə bu ölkədən olan komanda ilə üz-üzə gəlib. Bu, 3 il əvvəl baş verib. 2016-cı il yanvarın 16-da Antalyada hazırlıq keçən “Zirə” “Ordabası” ilə qarşılaşıb. Həmin görüşdə qəsəbə təmsilçisi 1:4 hesabı ilə uduzub. “Zirə”nin yeganə qoluna Nurlan Novruzov imza atıb. O, görüşün 55-ci dəqiqəsində, hesab 0:2 olarkən Qazaxıstan klubunun qapısına yol tapıb.

Bugünkü matç “Zirə”nin ümumilikdə Antalyada keçirilən 20-ci yoxlama oyunu olacaq. İndiyədək “Zirə” qonşu ölkədə 19 dəfə qüvvəsini sınayıb. Bu görüşlərdən birində rəqib Azərbaycan təmsilçisi “İnter” (indiki “Keşlə”) olubsa, digər 18 yoxlama oyunu beynəlxalq xarakter daşıyıb. Bakılılarla dueldə 2:0 hesabı ilə qalib gələn “qartallar” xarici klublarla duellərdə 7 qələbə qazanıb, eyni sayda da məğlubiyyət alıb və 4 heç-heçə edib. Beynəlxalq yoxlama qarşılaşmalarında 23 qol vuran “Zirə”, 18 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button