Zaur Əzizov “Qəbələ”dən ayrıldı

“Qəbələ” İdman Klubu baş menecer Zaur Əzizovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə bu komandanın uğurları üçün çalışıb. Əzizov “Qəbələ” ilə birlikdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla Avropa Liqasının qrupunadək irəliləyib.

“Qəbələ” İdman Klubu Zaur Əzizova əsas komandanın formalaşması, inkişafı və uğurlarındakı xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Zaur Əzizovun bundan sonra “Neftçi”də eyni vəzifəni icra edəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button