“Zaqatala” himnə görə cərimə olundu
AFFA İntizam Komitəsi 1-ci divizionun 20-ci turunun oyunlarında baş verənlərə hüquqi qiymət verib.
Komanda.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Zirə-2″nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün qəsəbə təmsilçisi 80 manat məbləğində cərimələnib.
“Zaqatala” “Neftçi-2” ilə oyunda PFL-in himnini səsləndirməyinə görə 80 manat ziyana düşüb. Bölgə klubunun oyunçusu Valeh Qəhrəmanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza alıb. “Zaqatala” bunun üçün də əlavə 320 manat ödəyəcək.
MOİK-in oyunçusu Rüstəm Rüstəmov “Kəpəz-2” ilə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəzalanıb, klub 160 manat məbləğində cərimələnib.
“Səbail-2″nin dörd üzvü “Qarabağ-2” ilə görüşdə sarı vərəqə alıb. “Dənizçilər” buna görə 80 manat ödəməli olacaq.
“İmişli” və “Qaradağ Lökbatan”a da eyni məbləğdə cərimə tətbiq edilib. Tərəflər arasında keçirilmiş matçda bölgə təmsilçisindən beş, paytaxt klubundan dörd oyunçu sarı vərəqə ilə cəzalanıb.
Bakılıların məşqçisi Rafael Əmirbəyov görüşdən sonra baş hakimə kəskin şəkildə etiraz etdiyindən birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün bir oyunluq cəzalanıb və klub 80 manat ziyana düşüb.
Bizi Facebook-da izləyin