“Zaman keçdikcə hər şeyi öyrənəcəksiz” – Mahir Emreli
“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan Premyer Liqasının ilk turunun “Keşlə” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu, 1:0 hesabıyla qələbə qazandıqları oyun haqda bunları deyib:
- Oyun haqda ümumi fikirlərini bildirərdin.
- Mövsümün ilk oyunu idi. İlk 15 dəqiqə ərzində futbolçular açılışmamışdı. Bundan sonra qol epizodları yaranmağa başladı. Ancaq rəqibin də qol şansları oldu. Maraqlı oyun oldu. Qol epizodlarımızdan yalnız birini dəyərləndirə bildik.
- APOEL-dən aldığınız məğlubiyyət komandaya necə təsir edib?
- Qurban Qurbanov komandanı bir az motivasiya etdi. Bizim işimiz elədir ki, hər dəfə yeni oyunlara hazırlaşırıq. Ona görə də, nə sevinməyə, nə də üzülməyə vaxt olmur. Baş məşqçi də bunu çatdırırdı. Bu gün toparlanıb, qalib gəldik.
- “Keşlə” üzərindəki qələbə komandanı ayıldacaq?
- Bu gün “Keşlə”ni düşünürdük. “Keşlə” yox, Avropa Liqasında çıxış edən klub da olsaydı, öz bildiyimiz kimi hazırlıq keçəcəkdik. Artıq bu görüşü unudub, növbəti oyuna hazırlaşmalıyıq.
- APOEL-i niyə keçə bilmədiz? Komandaya nə mane oldu?
- Bizim günümüz deyildi. Rəqibin çox qol epizodu olmadı. Üstün tərəf biz idik. Bəxtimiz gətirmədi.
- İspaniya komandalarından sonra Fransanın “Genqam” klubunun səninlə maraqlandığı iddia edilir. Bu transferi düşünürsən?
- Hələ ki, təklif barədə heç kimə demək istəmirəm. Qarşıda oyunlar var. Zaman keçdikcə hər şeyi öyrənəcəksiz.
- Qurban Qurbanov “get” desə, Liqa 2-də oynayarsan?
- Fransa və İspaniyanın ikinci liqasının bizim çempionatdan güclü olduğunu düşünürəm. Ancaq burada Avropa Liqası və Çempionlar Liqasında oynayırıq. Bu nüansları da nəzərə almaq lazımdır. Yenə də məsləhətləşəcəm. Ora gedib, qalmaq düşüncəsi olmamalıdır. Daha da irəli gedə biləcəmsə, niyə də olmasın?!
- “Genqam” rəsmiləri səninlə görüşüb?
- Xeyr.
- Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə qarşılaşacaqsız. Çoxu düşünür ki, “Qarabağ” mərhələni keçib. APOEL-lə görüş öncəsi belə fikirlər var idi. Bu, sizdə arxayınlıq yaratmır?
- Biz elə hiss etmirik. Azarkeşlər inanırsa, bu, dəstək olmaq deməkdir. Azarkeşlərin dəstəyi olandan sonra qələbə qazanmağa çalışacağıq.
- Şimali İrlandiya klubunu keçmək mümkündür?
- Müasir futbol elədir ki, istənilən rəqibi keçmək olar. “Ayaks” ötən mövsümün yarımfinalçısı olsa da, PAOK-la səfərdə 2:2 hesablı heç-heçə etdi. Bu, mənə görə sensasiyalı nəticədir. İndiki futbolda hər şey mümkündür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin