Zabit Səmədov karyerasını qələbə ilə bitirdi
Azərbaycan kikboksçusu Zabit Səmədov üçün vida döyüş gecəsi keçirilib.
Komanda.az xəbər verir ki, Almaniyanın “Mix Fight Championship” təşkilatının təşkil etdiyi döyüş gecəsi Milli Gimnastika Arenasında keçirilib.
Həlledici döyüşdən öncə Azərbaycanın daha bir neçə idmançısı öz qüvvəsini sınayıb. Belə ki, Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov “Qladiator” ləqəbli İhab Lahlunu (Mərakeş) sınağa çəkib. 70 kq-da çıxış edən Azərbaycan idmançısı rəqibini məğlub edib.
Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də növbəti qələbəsini qazanıb. 77 kq çəki dərəcəsində mübarizə aparan 28 yaşlı idmançı rumıniyalı Andrey Ostrovyanu ilə qarşılaşıb. Alim bu döyüşdə rəqibini məğlub edib. Nəbiyev qarşılaşmanı vaxtından əvvəl başa vurmağı bacarıb. O, sonuncu raundda rəqibini nokauta salıb. Bu qələbə Alimin peşəkar karyerasında 53-cü olub.
Ruslan Nağıyev (72,5 kq) Dmitri Filonçiki məğlub edib. Bu çəkidə keçirilən digər döyüşdə Andrey Kedveş (Xorvatiya) Besmir Helşanidən (Albaniya) üstün olub. Daha sonra 72,5 kq çəki dərəcəsində yarımfinal qalibləri bir-birləri ilə döyüşüb. Ruslan Nağıyev 3-cü raundda xorvatiyalı Andrey Kedveşə qarşı döyüşə bilməyəcəyini bildirib. Beləliklə, Andrey Kedveş dekabrda “Mix Fight Championship” kəməri uğrunda döyüşəcək.
Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.
Gürcüstanı təmsil edən azərbaycanlı kikboksçu Emil Xəlilov da görüşünü qələbə ilə başa vurub. 67 kq çəki dərəcəsində çıxış edən Xəlilov Nuri Kacarı (Türkiyə) nokauta salıb. Hər iki idmançıya medal verilib. Azərbaycan idmançısı təmsil etdiyi Gürcüstanın bayrağı ilə dövrə vurub.
Bundan başqa, ən ağır çəkili idmançıların döyüşündə (+100 kq) türkiyəli Buğra Ərdoğan Kiril Bulerdən (Almaniya) üstün olub. Rusiya təmsilçisi Seyfulla Xambaxadov (72,5 kq) Konqo əsilli Kristian Bayanı nokauta salıb. Yeganə qadın döyüşündə Niderland təmsilçisi Nikita Kosterman (65 kq) qalib gəlib. O da türkiyəli Kübra Aksoyu məğlub edib.
Nəhayət, gecənin həlledici döyüşündə səbəbkar Zabit Səmədov braziliyalı sabiq UFC döyüşçüsü, “Yekəayaq” ləqəbli Antonio Silva ilə qarşılaşıb. Azərbaycanlı kikboksçu bu döyüşlə peşəkar karyerasını başa vurub. “Mauqli” ləqəbli döyüşçümüz Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub. Bununla da Zabit Səmədov karyerasını bitirib.
O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: “Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm”.
Bizi Facebook-da izləyin