“Yuventus”un futbolçusu Premyer Liqa klubunda
İngiltərənin “Lids” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ABŞ yığmasının və İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Ueston Makkennini heyətinə qatıb.
24 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. İngilislər yarım mövsümlük icarə üçün “Yuventus”a 1.2 milyon avro ödəyəcəklər.
Makkenni 2020-ci ildən formasını geyindiyi “Yuventus”da 96 matça çıxıb, 13 qol vurub. Daha öncə Almaniyada “Şalke”nin formasını geyinmiş yarımmüdafiəçi məhz bu klubdan 20.5 milyon avro qarşılığında Turin təmsilçisinə keçmişdi. Makkenni ABŞ yığmasında da 41 oyuna 9 qol vurub.
“Lids” iki futbolçusu ilə də yollarını ayırıb. Polşadan olan yarımmüdafiəçi Mateuş Klix ABŞ-ın “DS Yunayted” klubuna transfer olunub. 32 yaşlı futbolçu MLS təmsilçisi ilə 2024-cü ilin 31 dekabrına kimi anlaşıb. O, 2017-ci ildən formasını geyindiyi “Lids”də 195 matça çıxıb, 24 qol vurub. “Krakoviya”, “Zvolle”, “Tvente”, “Kayzerslautern”, “Volfsburq”, “Utrext” kimi klubların da formasını geyinmiş yarımmüdafiəçi Polşa yığmasında 41 oyuna 2 qol vurub.
Co Gelhardt isə “Sanderlend”ə icarəyə verilib. İngiltərədən olan 20 yaşlı forvard bu mövsümün sonuna kimi Çempionşip təmsilçisində forma geyinəcək. “Uiqan”ın yetirməsi olan futbolçu 2020-ci ildə 1 milyon avro qarşılığında transfer olunduğu “Lids”də 41 oyuna 2 qol vurub.
Bizi Facebook-da izləyin