“Yuventus”dan 17 milyon avroluq transfer
Futbol üzrə Serbiya yığmasının və Almaniyanın “Ayntraxt” klubunun yarımmüdafiəçisi Filip Kostiç Frankfurt təmsilçisindən ayrılıb.
Komanda.az xəbər verir ki, 29 yaşlı vinger bundan sonra karyerasını İtaliyanın “Yuventus” klubunda davam etdirəcək. Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Serb yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. Tərəflər 3 illik müqaviləyə imza atacaqlar. “Yuventus” Kostiç üçün 17 milyon avro təzminat ödəyəcək.
Filip Kostiç 2018-ci ildən “Ayntraxt”da çıxış edirdi. O, Frankfurt təmsilçisində keçirdiyi 5 mövsüm ərzində 172 oyuna çıxıb, 33 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Radniçki”, “Qroningen”, “Ştutqart” və “Hamburq” kimi komandalarda da çıxış edib. O, Serbiya yığmasında 48 oyuna 3 qolla yadda qalıb.
“Yuventus” öz futbolçusu Nikolo Faqioli ilə də yeni müqavilə bağlayıb. 21 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.
Turin klubunun yetirməsi olan Faqioli ötən mövsümü icarə əsasında “Kremoneze”də keçirib. O, klubun əsas komandasında cəmi 2 oyuna çıxıb. Yarımmüdafiəçi İtaliyanın U-21 yığmasının da üzvüdür.
Bizi Facebook-da izləyin