“Yuventus” Poqba və Di Marianın transferini rəsmən açıqladı

Bu yay Fransanın PSJ klubundan ayrılan Anxel Di Marianın yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi İtaliyanın “Yuventus” klubuna keçib.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Di Maria 2015-ci ildən PSJ-də oynayırdı. O, bu müddət ərzində ümumilikdə 294 oyunda 91 qol vurub. Argentina millisinin üzvü PSJ-dən öncə “Mançester Yunayted”, “Real”, “Benfika” və “Rosario Sentral” kimi klublarda da çıxış edib.

“Yuventus” Di Maria ilə yanaşı, sabiq futbolçusu Pol Poqbanı da heyətinə qatıb. Bu yay İngiltərənin “Mançester Yunayted” klubundan azad agent kimi ayrılan futbolçu artıq Turinə gəlib. Fransalı yarımümdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq.

Pol Poqba “Mançester Yunayted”in yetirməsidir. O, 2012-ci ildə “Yuventus”a transfer olunsa da, dörd il sonra yenidən “Mançester Yunayted”ə qayıtmışdı. Poqba “Mançester Yunayted”dəki karyerası ərzində bütövlükdə 233 matça çıxıb, 39 qola imza atıb. O, “Yuventus”da çıxış etdiyi dönəmdə də 178 oyunda 34 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button