Yurçeviç: “Şansımızın olacağına ümidliyik”
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Kardiffdə baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
“Hazırlıq üçün vaxtımız qısa oldu. Ancaq bu müddətdə məşqlərimiz, analizlərimiz reallaşdı. Uelsin necə güclü komanda olduğunu bilirik. Rəqibin heyətində İngiltərə Premyer Liqası və Çempionşipsdə çıxış edən səviyyəli futbolçular var. Şansımızın olacağına ümidliyik. Əlbəttə, rəqib favoritdi. Lakin biz də Xorvatiya ilə qarşılaşmada göstərdik ki, böyük komandalara qarşı oynaya bilərik. Heyətlə də bağlı problemlərimiz var. Bədavi Hüseynov, Eddi İsrafilov və Rahil Məmmədov zədəlidir. Bütün bunlara baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq. Qaret Beyl xüsusi statusa malik oyunçudu. Onun qarşısını almaq üçün bir nəfər kifayət edərmi? Düşünmürəm. Onu zərərsizləşdirməyə çalışacağıq. Son dönəmlərdə Beylin ətrafında baş verənlərdən xəbərdaram. Amma cari mövsümə yaxşı başlayıb”.
Yurçevin sözlərinə görə, komandası Xorvatiya ilə matçdakı kimi çıxış etməlidi: “Rəqibləri saxlamağın müxtəlif yolları var. Kompakt oynamalıyıq, əks-hücumlardan yararlanmalıyıq. Müdafiənin mərkəzində Maksim Medvedevlə Bəhlul Mustafazadə və ya Anton Krivotsyuk çıxış edəcək”.
Baş məşqçi Uels yığmasının seçmə mərhələdəki çıxışına da toxunub: “Heyətə baxanda, Uelsin qərarlaşdığı mövqe mənim üçün sürprizdi. Hesab edirəm, heyət baxımından Macarıstandan güclüdü. Xal qazanmalı olduqları oyunlarda uduzdular. Burada bəxt amili rol oynayır. Bura gəlməklə, Slaven Biliçlə “Vest Hem”də işləyən vaxtları xatırladım. Həmin vaxt Rayan Giqqz “Mançester Yunayted”də çalışırdı. Uelsin seçmə mərhələdə cəmi 2 qol vurmağına gəlincə, ümid edirəm ki, həmin say sabahkı görüşdə artmaz”.
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bizi Facebook-da izləyin