Yurçeviç: “Rəqib qapısına kifayət qədər zərbə endirmirik”
AÇ-2020-nin seçmə mərhələsində Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis sabah keçiriləcək oyunla bağlı bunları deyib:
- İki oyun arasında çox az müddət var idi. Bundan əvvəlki oyunda məyus olduq. Dünənki məşq yaxşı keçdi. Çətin oyun olacağını bilirik. Slovakiya güclü komandadı. Futbolçuları aparıcı klublarda oynayır. Bu da komandanın keyfiyyətindən xəbər verir. Bu oyun bizim üçün çox əhəmiyyətlidi.
- Millinin son oyunlarındakı zəif çıxışına görə azarkeşlər sabah stadionda AFFA-nı istefaya çağıracaq. Bunun qarşısını almaq üçün sabahkı oyunda müsbət nəticə əldə edəcəyinizə söz verə bilərsiz?
- Bu haqda çox məlumatım yoxdu. Ancaq onu söz verə bilərəm ki, komanda yaxşı nəticə üçün əlindən gələni edəcək.
- Macarıstan məğlubiyyətindən sonra AFFA prezidenti ilə görüşünüz oldumu?
- Xeyr. Görüşümüz olmayıb.
- Sabah “ağ gün”ə çıxacağıqmı?
- Ümid edirəm ki, müsbət nəticə olacaq. Bizim reytinqimiz dünya sıralamasında 108-cidir. Real olmalıyıq. Hər oyunda xal və xallar qazanmağa çalışacağıq. Rəqibdən asılı olmayaraq. Oyunçular hər zaman meydanda əlindən gələni edir. Bəzən bərabərlik olacaq, bəzən də qələbə. Məğlub da olacağıq. Və futbolçular meydanda əlindən gələni edirlərsə, onlara bir şey deyə bilmərəm. Sabahkı oyun üçün optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik.
- Macarıstanla oyundakı səhvlər nə idi və ya kimlər idi?
- Təhlil etmişik. Bəzi epizodlarda komandadan razı qaldım. Lakin çatışmayan son 30 metrədə komanda olaraq təhlükəli deyildik. Standart vəziyyətlərə hazırlaşmışdıq, ancaq 2 topu məhz elə buraxdıq.
- Heyətdə hansı dəyişikliklər olacaq?
- 3 gün ritmində oynamaq Azərbaycan millisi üçün çətindir. Bəzi futbolçular yorğundur. Bəzi dəyişikliklər olacaq. Son məşqdən sonra qərarımı verəcəm. Azərbaycan millisi ilə Macarıstanı müqayisə etsək, çox da geri qalmırdıq.
- Artıq ikinci konfransdır ki, meydanda döyüşməkdən bəhs edirsiz. Azərbaycan üçün futbol nə vaxt olacaq?
- 40 ildir ki, futboldayam. Hər azarkeş, hər baş məşqçi mübarizə aparan oyunçuları sevir. Sizin futbol oynamağınız rəqibdən asılıdır, rəqib yüksək səviyyəli komanda olduqda oynamaq çətinləşir.
- Nə üçün oyunçular qapıya zərbə endirmir?
- Dünənki məşqdə bunu danışdıq. Tənqid etdiyim məqamlardan biri də bu idi. Oyunda kifayət qədər qapıya zərbə endirmirik. Komandadan istəyim odur ki, daha çox təhlükəli olsunlar.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin