Yurçeviç: “Bir xalla mən də xoşbəxt deyiləm”
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Slovakiya yığması ilə oyunu şərh edib.
Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Slovakiya yığmasını layiqli qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə onlar üçün yetərli olmadı və indi AÇ-yə çıxmaq üçün Millətlər Liqasında mübarizə aparacaqlar. Xeyli problemlərimiz var idi. Zədəlilərdən savayı, Eddi də fasilədə əvəzlənməsini istədi. İkinci hissədə Elvin Camalov meydana daxil oldu və fikrimcə, yaxşı oynadı. İlk 45 dəqiqədə topa nəzarət edə bilmirdik. Fasilədən sonra oyunumuz daha yaxşı alındı. Hətta 82-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdik. Təəssüf ki, istifadə edə bilmədik. Ardınca isə biz qol buraxdıq. Hər şeyə görə, təşəkkür edirəm.
- Şəhriyar Rəhimovun hansı xüsusiyyəti sizi cəlb edir ki, hər dəfə milliyə cəlb edirsiniz?
- Onun taktiki keyfiyyətləri məni razı salır. O, Slovakiyaya qarşı oynamağa layiq idi.
- İsrafilov nə ilə yadda qaldı? Nəzərə alsaq ki, o, toplanışa yalnız dünən qoşulub, bu, düşərgədə olan futbolçulara qarşı haqsızlıq deyil?
- Sizi anlayıram, amma o, fiziki baxımdan ən yaxşılar sırasındadı. Ancaq fasilədə özü müraciət edib bildirdi ki, emosional baxımdan özümü pis hiss edirəm və onu əvəzləməli olduq.
- Fasilədən dərhal sonra Renatı meydana buraxmaq daha yaxşı olmazdımı? Emin Mahmudova nəyə görə son iki oyunda da şans tanımadınız?
- Hər dəyişikliyi izah etməli olsaq, çox vaxt gedər. Fasilədə əvəzetmə etmək fikrində deyildik. Emini də oyuna salmaq istəyirdim. Hətta ona taşırdım ki, hazırlaşsın da. Ancaq oyunun gedişatı Təmkinə daha böyük zərurət yaratdı. Ən azı 30 dəqiqə şans vermək niyyətində idim Eminə, amma fasilədəki əvəzetmə bu planları təxirə saldı.
- Bu seçmə mərhələni bir cümləylə necə ifadə edə bilərsiniz?
- Ətraflı təhlil üçün 2-3 həftəlik zamana ehtiyac var. Bir xalla mən də xoşbəxt deyiləm. Ancaq razı qaldığım odu ki, xeyli gənc futbolçu gəldi milliyə. Keyfiyyətli rəqiblərlə oynadıq, bir çoxunda xala yaxın olduq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin