Yunanıstan mətbuatı “Araz-Naxçıvan”ın rəqibi haqda: “Yeni hücumçuya ehtiyac var”

Yunanıstan mətbuatı Konfransı Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”la oyundan əvvəl “Aris”in yeni hücumçu ilə güclənməsinin vacibliyindən yazıb.

Komanda.az xəbər verir ki, “AllAboutARIS” portalı qeyd edib ki, klub hazırda əsas diqqətini yarımmüdafiəçilərin transferinə yönəldib, amma yeni forvardın alınması vacibdir:

“Aris” ötən mövsüm bu vakansiyanı Robin Kvaysonla doldurmağa ümid edirdi. Bununla belə, isveçli ümidləri doğrultmadı və klub onu növbəti mövsüm üçün əsas variant hesab etmir. Bu baxımdan “Aris” fəal şəkildə hücumda Loran Moronla tandem təşkil edəcəyi yeni forvard axtarır. Onların yeni hücumçuya ehtiyacı var. İspan futbolçu problemlə üzləşsə, “Aris” sadəcə olaraq alternativsiz qalacaq və bu da Marinos Ouzounidisin işini çətinləşdirəcək.

Klubun motivasiyası həm də Moronun bu yay mümkün satışı ilə bağlıdır. “Aris” rəhbərliyi yaxşı bilir ki, hər an 5 milyon avro ödəməyə və 31 yaşlı hücumçu ilə danışıqlara başlamağa hazır olan klub meydana çıxa bilər. Sadə dillə desək, “Aris” bütün mümkün ssenarilərə hazır olmaq istəyir və olmalıdır. Buna görə də, klub iyulun ilk günlərinə qədər yeni hücumçunun transferini reallaşdırmağa çalışacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button