“Yüksək Liqada işimiz çətin olacaq” – Azərbaycan millisinin baş məşqçisi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov Yüksək Liqada mübarizə aparmaları barədə danşıb.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, seçim imkanlarının az olduğunu bildirib:

“Komandanın adı U-19 olsa da, üzvlərimizin hamısı 16-17 yaşlılardır. Əlbəttə, çətin olacaq. Digər tərəfdən, Yüksək Liqa futzalçıların təcrübə toplaması, oyunlarda “bişməsi” üçün bir platformadır. Komandamızın əsas tapşırığı Avropa çempionatı ilə bağlıdır. Avqustun 23-dən məşqlərə başlamışıq. Ona qədər Belarusda keçirilən turnirdə iştirak etdik. Geri döndükdən sonra heyət üzvlərinin, demək olar, əksəriyyətini dəyişdik. Çünki yaşla əlaqədar həmin futzalçılar növbəti seçmə mərhələdə bizə kömək edə bilməyəcəkdilər. Ona görə 2006-07-ci il təvəllüdlü oyunçulara üstünlük verdik. Təxminən 20-yə yaxın futzalçı məşqlərdə iştirak edir. Seleksiya xarakterli hazırlıq prosesinə qatılanlar arasında ötən il U-17-nin formasını geyinən futzalçılar da var. Yeniləri də sınadıq ki, görək, güclü olanları varsa, komandaya dəvət edək.

Onlarla danışırıq, komandaya dəvət edirik. Amma əksəriyyəti futbolu seçir. Yenə ruhdan düşmürük, işimizi davam etdiririk. Çalışırıq ki, 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qədər yaxşı komanda quraq”.

Xatırladaq ki, Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button