
“Yox”un və yoxluğun içində
Rəşad Ergün
Biz hazır deyilik.
Ölkə, cəmiyyət olaraq əl atdığımız hansısa işdə uğurlu olmağa, başqalarından daha yaxşı nəticə qazanmağa hazır deyilik.
Musiqi desən, geridəyik.
Təhsil desən, dibdəyik.
Elmi araşdırma desən, Elmlər Akademiyamızdakı alimlərə qarşı yeyinti halları iddiası ilə cinayət işi açılır.
Film desən, adam arasına çıxarılacaq filmimiz yox.
Ədəbiyyat desən, burax da Nobel mükafatını, yazıçılarımızın adlarını Bakının Nobel prospektindəkilər belə, bilmir.
Rəsm desən, fırçası ilə dünyanı “rəngləyəcək” rəssamımız yox.
Futbol desən…
Bu qədər yoxun, yoxluğun içində topumuzla, futbolumuzla seçilsəydik, möcüzə olardı. Möcüzə də ona layiq olanların yanında olur. Təsadüfi möcüzənin özü də bir möcüzədir.
İslandiya, Ukrayna, Fransa yığmasına uduzan futbolçular bizim musiqiçilərimizdir, alimlərimizdir, rejissorlarımızdır, aktyorlarımızdır, yazıçılarımızdır, rəssamlarımızdır, hətta jurnalistlərimizdir. Bizik. Hər birimizdir o futbolçular. Bizim elmə, təhsilə, kitaba, musiqiyə, filmə, teatra, futbola, futbol meydançasına, azarkeşliyə, tribunaya, məşqə, məşqçiyə və sairəyə yanaşmamızın yansımasıdır futbolçularımız.
Günahkar təkcə AFFA deyil.
Günahkar biçarə Ayxan Abbasov da deyil.
Hamımız günahkarıq.
AFFA-da rəhbərliklər, milli komandalarda saysız-hesabsız baş məşqçilər, yığmada futbolçular dəyişir, nəticələrimiz dəyişmirsə, bu, artıq AFFA-nın da, baş məşqçilərin də, futbolçuların da məsələsi olmaqdan çıxıb. Həm də çoxdan çıxıb. Ölkə, cəmiyyət olaraq hər birimizin məsuliyyəti, günahı var bütün bu uğursuzluqlarda, bacarıqsızlıqda, əlimizə-üzümüzə bulaşdırmaqda. Təkcə futbolda olsa, dərd yarıydı, hər bir sahədə…
Dəyişməliyik. Fransa bir yana, ölkəsində müharibə gedən ukraynalılar, “bir ovuc” islandiyalılar kimi futbol oynamaq istəyiriksə, dəyişməliyik. Dəyişməyimiz üçün də başlanğıc nöqtəsi futbol meydançası deyil, özümüzük. Dəyişməyəcəyiksə, heç nə dəyişməyəcək – nə futbolda, nə başqa sahədə.
Bizi Facebook-da izləyin



