“Yetim” haqqı
Rəşad Ergün
Hələ də Azərbaycan millisinin məğlubiyyətlərində baş məşqçini günahlandıranlar, günahkar görənlər var.
Yorulmursuz?
Yox, həqiqətən, yorulmursuz?
Deyək ki, Berti Foqts sənə, ona, mənə, hamımıza yuxarıdan aşağı baxan, yalan vədlərlə başımızı qatan, bu, işə yaramayanda aradan çıxan qoca bir alman idi.
Çoxuna görə, Robert Prosineçki pis deyildi, amma Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətdən sonra onun başında durduğu Azərbaycan millisinin bütün eyibləri, qüsurları üzə çıxdı.
Canni De Byazi Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə çıxarmışdı. Adam kiçik ölkələrin milli komandaları ilə kiçik uğurlar qazanmağın mümkünlüyünə inanmışdı. Azərbaycan millisi onun inancını, futbola baxışını dəyişdirdi.
Hələ Qurban Qurbanov var. Milli ilə bir-iki məğlubiyyətdən sonra məşqçi kimliyi şübhə altına düşməyə başlayan Qurbanov. AFFA rəhbərlliyi onunla erkən vidalaşmasaydı, Qurbanov da artıq mətbuatda bir qrup adamın və azarkeşlərin topunun ağzında idi.
İndi…
Hə, indi yenə bir qrup adamın Qurban Qurbanovu avrokubok oyunlarında “Qarabağ”da azərbaycanlı futbolçulara deyil, Juninyoya, Zubirə, Andradeyə, Romaoya, Benziaya, Yankoviçə, Veşoviçə, Koxalskiyə şans verdiyi üçün topun ağzına qoymadıqlarına məəttələm. Buna da şükür! Görünür, bu adamlar ağıllarını tamamilə itirməyiblər, ümid var.
Tamam. Deyirlər ki, Fernandu Santuş hara geldiyini bilirdi. Əlbəttə, bilirdi. Bu “qoca qurd” ömrünu futbol meydanlarında keçirib. Bəlkə də, azərbaycanlıların rüşvətlə, korrupsiya ilə “nikah bağladığını” və ya toylarda “Yanıq Kərəm”ə qol qaldırıb şıdırğı oynadığını bilmir, amma Azərbaycan futbolunu, azərbaycanlı futbolçunu əvvəldən tanıdığına əmin ola bilərsiz. O zaman niyə gəlib? Santuşun yerində olsaydız, belə bir imkandan, puldan imtina edərdiz? O da insandır, hamımız kimi.
Siz…
Hə, siz soruşmağa, məsuliyyəti üzərinə götürməyə bir yetkili tapsaz, soruşun ki, ay bəy, ay xanım, Ramil Şeydayev, Amin Seydiyev və digərləri niyə futbolçu ola bilmədi? Yaxşı, ya da, necə oldu ki, yarımçıq futbolçu oldular? Soruşun ki, necə olur, qonşularımız olan gürcülər, ermənilər futbol oynayır, nəticələri olur, futbolçuları Avropa ölkələrində legioner həyatı yaşayıb, sayğı qazanır?
Məğlubiyyətlər hər zaman yetimdir. Azərbaycan futbolu da yetimdir, yiyəsi yoxdur. Amma yenə də, bu “yetim”ə yiyə duran kimisə tapsaz, soruşun. Soruşun ki, biz niyə bu gündəyik. Hə, soruşun ki, bu “yetim”in haqqını kim yeyib.
Bizi Facebook-da izləyin