“Yola bu məqsədlə çıxmışıq” – Milli üzvü

DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Bakıda Yunanıstanla qarşılaşan və inamlı qələbə qazanan futzal üzrə Azərbaycan millisinin qollarından birini vuran və bir epizodda da rəqibi səhvə yol verməsinə, komanda yoldaşının fərqlənməsinə şərait yaradan Felipinyo federasiyanın rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, o, 5:2 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib: “Oyunun bizim üçün çətin keçəcəyini gözləyirdik. Onların heç bir şansı qalmadığına görə, meydana rahat çıxmışdılar, üzərlərində hansısa təzyiq yox idi. Nəticədə bir müddət hücum qurmaqda çətinlik çəkdik. Amma tədricən üstünlüyümüzü yaratdıq və oyunun idarəsini əlimizə keçirdik. Düzdür, imkanlarımızdan tam istifadə edə, epizodları realizə edə bilmədik. İstənilən halda, qələbə qazanmağı bacardıq, vacib olan tapşırığın öhdəsindən gəldik”.

Hücumçu martın 7-də Polşa ilə keçiriləcək oyun haqda da fikirlərini bildirib: “Polşa ilə qarşılaşma çətin keçəcək. Əvvəla, bu rəqibimiz gücünə, keyfiyyətinə görə seçilir. Onlar fiziki planda da fərqlənirlər. Ancaq sürətli oyunumuzu davam etdirməli, Bakıda olduğu kimi, səfərdə də meydanı qalib tərk etməliyik”.

O, elit-raunda vəsiqənin qazanılmasının komandanın oyununa heç bir təsir etməyəcəyini də vurğulayıb: “Əvvəldən komandanın qarşısına yalnız elit-raunda yüksəlmək deyil, qrupu birinci pillədə başa vurmaq tapşırığı qoyulub. Biz də yola bu məqsədlə çıxmışıq. Bu mərhələnin final matçını major notlarla bitirmək istəyirik. Nə heç-heçə, nə də minimalhesablı yenilgi haqda düşünürük. Polşaya qələbə üçün gedirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button