Yığışaq, Qurban Qurbanovun istefasını tələb edək

Kürşad

“Qarabağ” Avropa Liqasında məğlubiyyətləri sıralayır. “Qarabağ” bir mövsümdə eyni komandaya – “Turan Tovuz”a iki dəfə uduzur. “Qarabağ”, “Qarabağ”, “Qarabağ”…

“Qarabağ” dincəlmir. Avropa səhnəsində azərbaycanlı azarkeşlərin könlünü və gözünü oxşayan tək klub olmağın yükünü illərdir, dayanmadan, nəfəs dərmədən daşıyır. Dincəlmir, amma bir az büdrəyən kimi “Bu komanda tükənib”, “Qurban Qurbanov artıq getməlidir” kimi adamın özünün futbol biliyini, jurnalist təcrübəsini sorğulamasına səbəb olan fikirlər atılır ortaya.

“Qarabağ” dünya, Avropa çapında kiçik, Azərbaycan üçün böyük klubdur. Dünyanın və Avropanın nəhəng klubları olan “Mançester Yunayted”, “Barselona”, “Mançester Siti”, hətta ən sabit komandalardan sayılan “Real”ın da eniş dövrü, “nəfəs aldığı” zamanlar olur. Əksəriyyət tərəfindən dahi məşqçi kimi qəbul olunan Pep Qvardiolanın “Mançester Siti”sinin bu mövsüm nələr yaşadığını, neçə oyunda məğlub olduğunu bilməyən var? Bu, futboldur, zirvəyə də çıxa bilərsən, eniş də yaşaya bilərsən. Hətta təkcə futbolda yox, həyatın bütün sahələrində belədir. Bu, aksiomdur.

Təbii ki, Qurban Qurbanovun da baş məşqçi kimi səhvləri olur: hansısa transferdə yanıla, oyunun gedişində hansısa futbolçunun əvəzlənməsində səhv edə bilər. Bunlara görə tənqid edilməsi də normaldır. Amma bu adam illərdir Azərbaycan futbolunun yükünü təkbaşına daşıyır axı, dincəlmədən, nəfəs dərmədən. İkinci biri varsa, adını deyin, ellikcə Qurbanovun istefasını tələb edək, onu “Qarabağ”ın “sükanı arxasına” gətirək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button