“Araz Naxçıvan”ın çıxışını biabırçılıq adlandırdı, veteranlara “susmayın” dedi – MÜSAHİBƏ
Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi oyunların hamısında məğlub oldu. Heyətində braziliyalıların çoxluq təşkil etdiyi komandanın bu nəticələrini fiasko saymaq olar. Vaxtı ilə Azərbaycanda futzal kifayət qədər populyar idi və yerli futzalçıların sayı da az deyildi. Amma getdikcə ölkədə futzal da futbolun gününə düşməkdədir.
Bütün bunlarla bağlı “Araz Naxçıvan”ın və Azərbaycanın yığmasının keçmiş üzvü, Kanadanın futzal üzrə yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Elnur Qəmbərovla söhbət etdik. Elnur bəy müsahibə zamanı veteran futzalçılara da müraciət etdi:
– Elnur bəy, artıq uzun müddətdir Kanadadasız. İşləriniz necə gedir?
– Artıq 7 ilə yaxındır ki, Kanadada yaşayıram. Hər şey qaydasındadır. Kanada həyatı tam başqadır, amma maraqlıdır.
– Kanada millisində nələrisə dəyişə bilmisiz?
– Təəssüflər olsun ki, heç bir dəyişiklik edə bilmədim. Çünki burada insanların futzala marağı 0 dərəcəsindədir.
– Məşqçi təyin olunduğunuzdan bu günə qədər Kanada millisində hansısa uğurlara imza atmısız?
– İyun ayında Kolumbiyada 13 yaşlılar arasında keçirilən beynəlxalq yarışda qalib gəldik.
– Azərbaycanlı futzalçılardan kiməsə dəvət göndərmisiz?
– Azərbaycan futzalçılarından heç kimi dəvət edə bilməmişəm. Amma hamıya dəvət göndərmişdim, alınmadı. Bir nəfər var, Vahib Qocayev, o, Ukrayna vətəndaşı olduğuna görə ona vizanı asan verdilər. Millinin keçmiş hücumçusu Serjao da burdadır. May ayında gəlib. Burada futzal akademiyası açmışam – “El Futsal”. Vahib, Serjao və “Neftçi” klubunda işləyən məşqçi Aleksandr Dereberin o akademiyada çalışırlar. 30-a yaxın tələbəmiz var.
– Yəqin ki, Azərbaycan futzalını izləyirsiz. Durum sizi qane edir?
– Əlbəttə ki, qane etmir. Nə normal çempionat, nə rəqabət, nə də təşkilatçılıq var.
– Sizcə, Azərbaycan futzalında çatışmayan əsas cəhətlər hansılardır?
– Əsas çatışmayan cəhət akademiyaların olmamasıdır. Yerli məşqçilərə isə hörmətsizlik edilir.
– “Araz Naxçıvan”ın son oyunlarından danışaq. Komanda Çempionlar Liqasında üç oyun keçirdi, hamısında məğlub oldu. Sizcə, bu məğlubiyyətlərin kökündə nə durur?
– “Araz Naxçıvan”ın çıxışını biabırçılıq adlandırıram. Lakin Mahmud Sadıqov müsahibəsində deyir ki, biz risk edib baş məşqçini saxlamağa qərar verdik. Üç oyunda uduzdular, həm də, Rusiya, Ukrayna, Qazaxıstan, Portuqaliya, İtaliya, İspaniyanın olmadığı qrupda sonuncu yeri tutdular. Bu nəticədən sonra federasiya rəsmisi deyir ki, belə qərara gəldik… Sizin saytın vasitəsilə soruşuram, hansı yaxşı nəticəyə əsasən belə qərar veriblər? Komandada 10 legioner, 3 əcnəbi məşqçi var və nəticə – fiasko!
– “Araz Naxçıvan”ın heyətinin əsası braziliyalı futzalçılardan ibarətdir, lakin ortada heç bir uğur yoxdur. Onlar yerli futzalçılarla əvəz edilsə, daha yaxşı olar?
– Yerli futzalçı var ki? Ən cavanının 34 yaşı var. Heç yerli məşqçi də yoxdur. Hansı yerli məşqçi UEFA kurslarında, seminarlarda olub? Bundan başlamaq lazımdır. “Araz Naxçıvan”ın baş məşqçisi Joze Alesionun köməkçisi Ağatahir Əzimovdan beş dəfə çox maaş alır. Bura ev və səyahətləri əlavə etsək, gəlir on dəfəyə çıxır. Yerli məşqçilər və oyunçular isə…
– Bütün bunlarda “Araz Naxçıvan”ın rəhbərliyinin də günahı var.
– Rəhbərliyə heç nə demək istəmirəm. Nə qədər ki, hamı oturub ağzına su alacaq, “təki olsun” deyə, danışmayacaq, vəziyyət belə də olacaq. Mənim nəsə deməyimlə də problemlər düzələn deyil.
– Son aylarda Azərbaycandan dəvət almısız?
– Yayda bir ay Bakıda oldum. Heç kim maraqlanmadı, dəvət etmədi. İndi nəsə deməyim düz olmaz. Ən sonda demək istəyirəm ki, veteran futzalçılar, ağzınıza su alıb oturmayın.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin