Yenilənən “Neftçi”ni nə gözləyir? – SORĞU

Son günlər “Neftçi”də baş verənlər Azərbaycan futbolunun əsas gündəmini təşkil edir. Əvvəlcə komandaya rumıniyalı mütəxəssis Adrian Mutu baş məşqçi təyin edildi. Dünən isə Kamran Quliyevin “ağ-qaralar”ın prezidenti postundan uzaqlaşdırıldığı, onu Fərrux Mahmudovun əvəz etdiyi məlum oldu. “Neftçi”də baş verən dəyişikliklər komandanın oyununa, nəticələrinə necə təsir edəcək? Bu suallarla idman mediasının sayt rəhbərlərinə müraciət etdik:

İlkin Vaqifoğlu, “Sportinfo.az”:

“Neftçi”nin yeni prezidenti futbol sektorunda yeni şəxsdir. Düzdür, o, buna qədər Azərbaycan Basketbol Federasiyasında icraçı direktor vəzifəsində çalışıb. Amma onun dosyesinə nəzər yetirəndə görürük ki, əsas fəaliyyət sahəsi biznes strukturu ilə əlaqədardır. Bu səpkidə müxtəlif qurumlarda çalışıb. Bildiyimizə görə, onu “Neftçi”nin prezidenti postuna klubun Müşahidə Şurasının üzvü, elm və təhsil naziri Emin Əmrullayev məsləhət görüb. Yəqin ki, Emin Əmrullayevin bildiyi bir şeylər var. Hər halda, o da istəməz ki, gətirdiyi kadr “Neftçi”yə daha bir uğursuzluq yaşatsın. Düşünürəm ki, Müşahidə Şurasının hər bir üzvü öz məsuliyyətini dərk edərək, “Neftçi”nin Azərbaycan futbolundakı çəkisini, yerini nəzərə alaraq belə bir seçim ediblər. İndi yeni gələn şəxsin bəri başdan tənqidə məruz qalmasının tərəfdarı deyiləm. Ən azından, o, futbol camiəsi üçün qapalı bir qutudur. Gəlin gözləyək və zamanla bu “qapalı qutu”nun içərisində olan şəxsin, yəni klubun yeni prezidentinin nəyə qadir olduğunu görəcəyik. Bunun üçün zaman lazımdır.

Mutuya gəlincə, böyük futbolçu olub. Onun karyerasıını vərəqləməyə ehtiyac yoxdur. Onun CV-si böyük klublardan ibarətdir. Böyük futbolçu keçmişi var. Amma məşqçi sektorunda yenidir. Belə baxıram ki, Mutu ilə bağlı fikirlər ictimaiyyətdə birmənalı deyil. Hər halda, düşünürəm ki, oktyabr ayından etibarən onun “Neftçi”dəki performansını görəcəyik və hansısa ciddi rəy yürütmək olacaq”.

Natiq Muxtarlı, “Aut.az”:

“Rövşən Nəcəfin “Neftçi”nin Müşahidə Şurasının sədri olmasından sonra klubda prezident vəzifəsi formal xarakter daşıyır. Yəni “Neftçi”nin prezidentinin heç bir səlahiyyəti yoxdur. O, sadəcə tapşırıqları – Rövşən Nəcəfdən gələcək göstərişləri yerinə yetirəcək şəxsdir. Ona görə də, yeni prezidentdən heç nə gözləməyə dəyməz. “Neftçi”də gözləntilər Müşahidə Şurasının sədrinin qərarlarından asılıdır.

Yeni baş məşqçi ilə bağlı isə konkret fikir bildirmək çətindir. Mutu məşqçi kimi özünü sübut etməmiş biridir. O, istedadlı, amma intizamsız futbolçu olub. Rumıniyanın özünəməxsus məşqçilik ənənələri mövcuddur. Bu ölkədən sanballı məşqçilər çıxıb. Onların əksəriyyəti oxşar oyun modelinə üstünlük verirlər. Mutu da “Neftçi”də bu modelə güvənəcəksə… Bundan əvvəl bir rumın mütəxəssis “Neftçi”də işlədi və bu sistem özünü doğrultmadı. Görək, Mutu hansı yeniliyi tətbiq edəcək. Hər halda, onun işinə ilkin qiyməti avrokubok oyunlarından sonra vermək daha məqbul olardı”.

Kənan Həsənov, “Futbol+”:

“Görünən budur ki, “Neftçi” ilə bağlı səslənən proqnozlar özünü doğruldur. Bu təbii ki, ilk növbədə komandada rəhbərlik səviyyəsində və heyət baxımından olan dəyişikliklərlə bağlıdır. Mövsüm başa çatandan sonra, xüsusilə də, komanda ölkə kubokunun finalında “Qəbələ”yə uduzandan sora bu söz-söhbətlər yayılmışdı ki, “Neftçi”də istər rəhbərlikdə, istər baş məşqçi, istər də heyətdə ciddi dəyişikliklər olacaq. İndi də biz bunun şahidiyik. Təbii ki, “Neftçi”nin yeni prezidenti haqqında nəsə demək çətindir. Çünki yeni bir şəxsdir, gəncdir. Xüsusilə, futbolda təcrübəsi olmuyan bir şəxsdir. Gələcək göstərəcək necə olacağını.

O ki qaldı baş məşqçi məsələsinə, əslində, Mutu da təcrübəsizdir. Amma kifayət qədər parlaq futbolçu karyerası olub, tanınan futbolçu olub. Rumıniyada az-çox işləyib. Hər halda, futbola nabələd adam deyil. Etdiyi transferlər də onu göstərir ki, “Neftçi” doğrudan da heyət baxımından yenilənir və meydanda bunun biz hansı formada təzahür etdiyini görəcəyik. Bu, artıq başqa mövzudur. Ona görə də, çempionatın startını deməyim, amma ən azı ilk dövrə “Neftçi”nin yenilənməsinin hansı məqsədlərə nail olunduğunu göstərəcək. Fikrimcə, Mutu transferlərdə kifayət qədər fəallıq göstərir. Transferlər ad baxımından heç də pis deyil. Qış fasiləsində əlavələrin olacağını da təxmin edirəm. Çünki inanmıram Mutu bununla kifayətlənsin. Əvvəldə dediyim kimi, rəhbər dəyişikliyi, baş məşqçi dəyişikliyi oldu. “Neftçi”nin heyəti də 70-80 faiz yenilənəcək və qışdan sonra biz ümumiyyətlə, tam yenilənmiş “Neftçi” görəcəyik. Təbii ki, bunu zaman göstərəcək. Amma “Neftçi” ilk 3-lüyə düşmək uğrunda mübarizə aparacaq. Çempionluq şansı təbii ki, azdır. “Qarabağ”, “Sabah” olan yerdə “Neftçi”nin onlara “əlcək atacağını” gözləmirəm. İnanıram ki, rəhbərlik növbəti mövsümün komandasının təməlini bu mövsüm qoyacaq. Bu, birmənalıdır. Demirəm “Neftçi” çempionluğa oynamayacaq, təbii ki oynayacaq. “Neftçi” həmişə çempionluğa oynayan komandadır. Amma əsas olan avrokuboklara vəsiqəni təmin etməkdir”.

Kənan Məstəliyev, “Rekord.az”:

“Neftçi”də böyük “perezaqruzka” gedir. Hər şeyi, hər kəsi dəyişib yenidən qurmağa çalışırlar. Bu, yaxşı addımdır, çünki uzun illərdir problemlər içərisindədir, belə silkələnməyə ehtiyacı var. Rövşən Nəcəfin “iplər”i bir yerə yığmasını da alqışlayıram, çünki vahid idarəetmə uğurun təməlidir.

Mutu tanınmış futbolçu olub, amma məşqçi kimi heç nəyə nail olmayıb. Bu, özünü sübut etmək üçün yaxşı bir şansdır. Yeni prezident Fərrux Mahmudov da həmçinin. O da gəncdir, təcrübəsi çox deyil və özünü göstəməlidir. Hər ikisi enerjili və istəklidilər. Bu öz müsbət effektini verəcək. Nəticənin olub-olmayacağını isə proqnozlaşdırmaq çətindir. Vaxt lazımdır”.

Anar Şabanoğlu, “Sports.az”:

“Neftçi”nin yeni rəhbərliyindən gözləntilər böyükdür. Əlbəttə, heç kimin sehrli çubuğu yoxdur ki, dərhal hər şeyi dəyişsin. Amma görünən budur ki, klubun yeni rəhbərliyi iddialıdır və “Neftçi”yə əvvəlki şöhrətini qaytarmaq üçün bacardılarını ortaya qoymaq istəyirlər. Yeni transferlər də bu komandanın çempionluq mübarizəsinə qatılmaq istəyindən xəbər verir. SOCAR rəhbərliyinin futbolda indiyəcən olmayan kadra üstünlük verməsi məncə, ən doğru addımdır. Futbola yalnız büdcəni talamaq məqsədiylə baxan Elxan Məmmədovun dələduz kadrlarının bu sahədən birdəfəlik qovulması vacibdir. Şəxsən ilk növbədə uşaq futboluna diqqət göstərilməsini, klubun akademiyasının, bazasının mümkün qədər tez yüksək səviyyədə, tam qüvvəylə fəaliyyətə başlamasını istərdim. Çətin işdə Fərrux Mahmudova uğurlar!

Mutunun necə baş məşqçi olması haqda düşünürəm ki, avrokubok oyunları müəyyən təsəvvür yaradacaq”.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button