Yenidən, bir daha, növbəti dəfə… Baş qaldıran “Kəpəz” “sevgi”si

Uğur

Gəncə Azərbaycan futbolu üçün hər zaman önəmli yerə sahib olub. Təkcə yetişdirdiyi futbolçularla yox, ölkənin futbol həyatında tutduğu yerə, tarixinə görə də.

Gəncə həm də, çox vaxt futbolda qarşıdurmalara, qruplaşmalara şahidlik edib. Fərqi yoxdur, şəhəri təmsil edən “Kəpəz” ölkə çempionatında, kubokunda hansı nəticələri qazanır, komanda ətrafında söz-söhbətlər bitmir ki, bitmir.

“Kəpəz” hazırda Azərbaycan Premyer Liqasında 31 turdan sonra 29 xalla 7-ci yerdədir. Bir pillə irəlidəki “Turan Tovuz”la eyni xala malikdir. Prinsipcə, növbəti dəfə elitaya qayıdan, xüsusən də, Premyer Liqa iştirakçıları arasında maliyyə baxımından yəqin ki, ən kasad büdcəyə malik olan klub üçün pis nəticə deyil. Komanda Premyer Liqanı tərk etməyə əsas namizədlərdən bir qədər uzaqdadır, böyük təhlükə yoxdur. Amma Gəncədə hələ də klub rəhbərliyindən narazılar var.

Yaxınlarda Şahin Verdiyev adlı gəncəli azarkeşin bir müraciəti qarşıma çıxdı. Hörmətli azarkeş “Kəpəz” rəhbərliyindən şikayət edib, klubun İdarə Heyətinin sədri İlqar Nadirini istefa verməyə səsləyib. “Kəpəz”dən sponsorların uzaq düşməsini İlqar Nadiri ilə əlaqələndirmək cəhdləri də olub.

Düzü, hansısa azarkeşin könül verdiyi klub haqda fikirlərinə qarışmaq istəməzdim. Azarkeşin işi budur: tələb etmək, dəstəkləmək, yeri gələndə istefaya səsləmək.

Amma niyə məhz indi? Axı, hazırda “Kəpəz” üçün çox şey qaydasındadır. Ən azı, turnir cədvəli, oyunlar baxımından.

Görünür, hələ ötən ilin sonlarında ARB24 telekanalında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri haqda “futboldan xəbəri” yoxdur deyən Maşallah Əhmədov kimi gəncəli futbol veteranlarının yenə “Kəpəz” “sevgi”si baş qaldırıb. Məhz onların bu “sevgi”si bəzi-para azarkeşlərə də “sirayət” edib, mövsümün sonuna az qalmış, kritik dönəmdə meydana çıxmağa başlayıblar.

Bunu etməyin, hörmətli gəncəli azarkeşlər! Komandanıza sahib çıxın, Maşallah Əhmədov və başqa veteranların küyünə getməyin. Maşallah Əhmədov ömrü boyu Azərbaycan futbolunda baş verən haqsızlıqlara nəyinsə naminə susub, böyük futbol hər dəfə Gəncəyə qayıdan kimi səsi yüksəkdən eşidilməyə başlayan biridir. O və onun kimi başqaları…

Bəlkə də, İlqar Nadiri Maşallah Əhmədovun iddia etdiyi kimi, futbolu o qədər də dərindən bilmir. Amma mənim bildiyim bir şey var: Azərbaycanın öz işində peşəkar olan vicdansızlardan daha çox, vicdanlı insanlara, kadrlara ehtiyacı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button