“Yeni transferlərdən sonra daha yaxşı olacağıq” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 2-ci turu çərçivəsində doğma meydanda “Səbail”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Fiziki baxımdan bizim üçün çətin oyun oldu. Çünki komandada yorğunluq var idi. Rəqibin qapısı qarşısındakı epizodları qola çevirə bilmirdik. Oyunun ritmi bizim üçün çox yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur. Sabah İstanbula yola düşürük. İstanbuldan qayıtdıqdan sonra bir gün fasilə ilə növbəti matça çıxacağıq. Vaxtımız olmur ki, futbolçuları oyunlara lazımı səviyyədə hazır edək. Fiziki baxımdan bizim üçün çətin perioddur.

“Səbail”lə oyunu təxirə salmaq gec idi. “Beşiktaş”la matçdan öncəki oyunu təxirə salmaq olardı. Müraciət etdik ki, həmin görüşü təxirə salaq, bizə yox cavabı verildi. Digər komandalara nəzər yetirsək, 5 oyun ardıcıl evdə oynayanlar var. Amma biz hər dəfə səfərə gedib-gəlməliyik. Çətin periodu adlayacağıq. Milli komandaların oyunlarına görə verilən fasilədən yararlanıb komandanın durumunu daha da yaxşılaşdıracağıq. Çoxlu enerji itirmişik. “Jelezniçar”la ev oyunundan sonra belə oldu. Növbəti mərhələ üçün bütün gücümüzü qoyduq. Ardınca sonra səfərə getdik, Gəncədə uduzub qayıtdıq. “Beşiktaş”la matçda da sona qədər mübarizə apardıq ki, bərabərliyə nail olaq. Hətta bu oyunda rəqibin qapısına gəlib çatdıqda, yorğunluq görünürdü və hücumu kifayət qədər effektiv bitirə bilmirdik. Bir neçə həftədən sonra komanda daha yaxşı olacaq.

Aaron Olanarenin artıq çəkisi yoxdur, sadəcə bədəni belədir. Onu mühakimə etməyimiz düzgün olmaz. Bizimlə cəmi 3 məşq edib. Onu əvəzləyəcək digər “9 nömrə”miz yoxdur. Öncəki oyunlara nəzər yetirsəz, Andre Şinyaşiki və Filip Ozobiçi həmin mövqedə yoxlamışam. Yeni transferləri gözləyirik. Onlar gələndən sonra daha yaxşı olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button