“Yenə medalçılar sırasında olmaq istəyirik” – Rəşad Sadıqov
“Zirə”nin baş məqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk turlar hər zaman çətin keçir. İsti hava futbolçulara mənfi təsir edir. Xüsusilə avrokubok matçlarından sonra çempionata keçid edəndə çətinlik çəkirsən. Rəqib çox yaxşı mübarizə apardı. “Kəpəz” hər zaman xarakteri ilə seçilib. Yaşar Vahabzadə təcrübəsi ilə seçilir. Müdafiədən oyun qurmaqda ustadır. Azlıqda qaldıqdan sonra dəyişikliklər etdik. Sərtan Taşkını cinaha atdıq və son dəqiqələrdə yorğunluğa baxmayaraq, qələbə qolunu vurduq. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq”.
O, rəqibdən bu cür oyun gözləmədiyini söyləyib: “Hətta ağlımdan məğlubiyyət ehtimalını da keçirirdim. Bizdə hər zaman heyətə baxılır. Amma belə deyil. “Kəpəz”in yorulacağını düşünürdüm. Amma sonadək mübarizə apardılar. Hətta ikinci qolu da vurdular. Sadəcə, ofsayd oldu. Bu gün uduza da bilərdik. Futbolçular sağ olsunlar, qələbə qazandılar”.
Baş məşqçi heyətin genişliyi ilə bağlı çətinlik yaşadıqlarını vurğulayıb: “Büdcə ayrılıb, sadəcə, seçimlərlə bağlı yubanırıq. Avropa bazarında qiymətlər yüksəlib. İstədiyimiz oyunçuları almaq istəyirik. Alternativ planlarımız da var. Bir az da səbr edib gözləmək niyyətindəyik. Danışıqlarımız davam edir. Qarşıdakı günlərdə bununla bağlı rəhbərliklə görüşümüz olacaq. Ötənilki qiymətə futbolçu gətirə bilmədik. Toplanış vaxtı Türkiyədə 3 klubla eyni oteldə qalırdıq. Əllərində böyük pulla transferlər etməkdə çətinlik çəkirdilər. Orada da başa düşdüm ki, transfer bazarında nə dərəcədə çətinlik var. Futbol belədir. Hər şeyə hazır olmalı və çıxış yolları tapmalıyıq”.
Sadıqov VAR sisteminin tətbiqinə də toxunub: “Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər”.
Mütəxəssis Dmitrios Çantakiasın qırmızı vərəq aldıqdan sonra fiormanı yerə atmasına münasibət bildirib: “Burada niyyət önəmlidir. O, VAR-ın nəticəsini gözləmək üçün paltardəyişmə otağına yox, meydanın kənarına gəldi”.
Baş məşqçi gənc müdafiəçi Cəlal Hüseynovun “Şamaxı”ya icarəyə verilməsinə də toxunub: “Müdafiə xəttində rəqabət böyükdür. Qalsaydı da, oynayacaqdı. Amma indi elə yaşıdır ki, daha çox şans qazanmalıdır. 3-4 klubdan təklifi var idi. Sonda “Şamaxı”nı seçdi. Cəza və zədə almadığı müddətdə bölgə klubunda 36 oyun keçirmək şansı var.
Hər komanda ən azından avrokuboklara düşmək istəyir. Biz də bunu hədəfləmişik. Amma mövsümün əvvəlidir, indidən proqnoz vermək çətindir. Bu il də medalçılar sırasında olmaq istəyirik. Lakin rəqiblərimiz də güclənib. Aydın məsələdir, favorit “Neftçi” və “Qarabağ”dır. Biz də əlimizi yanımıza salmayacağıq.
Bu yay istərahət edə bilməmişəm. İstərdik ki, hər şey futbolumuzun xeyrinə olsun. Ramin Musayevə xidmətlərinə görə təşəkkür edirik, yeni PFL prezidentinə isə uğurlar arzulayırıq”.
Sadıqov “Qarabağ”la “Neftçi”nin avrokuboklarda mərhələ adlamaq şanslarına da toxunub: “Neftçi” dünən ev oyununu möhtəşəm keçirdi. Təəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. “Qarabağ”ın “Neftçi” kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim”.
Bizi Facebook-da izləyin