Yaşar Vahabzadənin “istefa”sının arxasındakı DETALLAR

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Səbail”lə oyundan sonra “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadənin istefa verdiyi barədə xəbərlər yayıldı.

Bakıda 1:4 hesablı məğlubiyyətdən sonra Vahabzadənin istefa verəcəyi gözlənilən idi. “Kəpəz” daha əvvəl keçirdiyi üç oyunda da uduzub ki, Gəncə komandasının azarkeşləri demək olar, hər tur baş məşqçinin istefasını tələb edirlər. Amma…

Yaşar Vahabzadənin istefası rəsmən açıqlanmayıb. Klubdan bu barədə heç bir rəsmi açıqlama edilməyib. Elə isə Vahabzadənin istefası xəbərləri necə yayılıb?

Komanda.az-ın əldə etdiyi məlumata görə, Vahabzadə “Səbail”ə məğlubiyyətdən sonra klubun avtobusunun yanında köməkçi məşqçilərə “Mən Gəncəyə gəlməyəcəm. Gəncə ilə qurtardım” sözlərini deyib. Elə bundan sonra da onun istefa verdiyi barədə xəbərlər yayılıb. Bizdə olan məlumata görə, daha sonra baş məşqçi “Kəpəz” rəsmiləri ilə əlaqə saxlayaraq, mətbuatda yayılan istefa xəbərlərinin hardan çıxdığını soruşub.

İndi çox şey Vahabzadənin köməkçilərinə dediyi kimi, Gəncəyə qayıdıb-qayıtmamasından asılıdır. Amma bu da dəqiqdir ki, yeni mövsümdə bütün oyunlarda uduzan komandanın baş məşqçisi kimi, “Kəpəz” klubunun rəhbərliyi onun öz xoşuna istefa verməsini gözləyir. Həm də, rəsmi şəkildə.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button